- Müşahidə məntəqəsi
- 1 Sentyabr 20:31
- 2 560
“Evdə saxlanan pullar sığortalanmır” - EKSPERT

“Müvafiq qanunvericiliyin tələblərinə əsasən, Azərbaycanda dövlət bank əmanətlərinin böyük bir hissəsini sığortalayır. Lakin postsovet ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da insan faktorundan asılı olaraq banklara inam bəzən aşağı olur. Bu səbəbdən bir çox vətəndaş əmanətlərini banklara etibar etməyərək evdə saxlayır. Belə hallarda həmin vəsaitlər ciddi risk altına düşür, çünki oğurluq, yanğın və ya digər hadisələr nəticəsində itkilərin sığortalanması mümkün deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Xatırladaq ki, Azərbaycanda dövlət bank əmanətlərini müəyyən məbləğədək sığortalayır. Lakin vətəndaşların evdə saxladıqları pulların təhlükəsizliyi təmin olunmur. Bu səbəbdən yanğın, oğurluq və ya digər qəza hallarında həmin vəsaitlər risk altında qalır.
Ekspert qeyd edib ki, belə olan halda vətəndaş öz vəsaitinə görə tam məsuliyyət daşıyır.
“Halbuki, banklarda saxlanılan əmanətlər bank tərəfindən dövriyyəyə buraxılır, müxtəlif sahələrə investisiya edilir və kreditlər vasitəsilə iqtisadiyyata yönəldilir. Əldə olunan gəlirin bir hissəsi isə əmanətçilərə faiz şəklində qaytarılır. Əgər bank əmanətlərinin təhlükəsizliyi ilə bağlı risklər yaranarsa, həmin vəsait müəyyən məbləğ çərçivəsində dövlət tərəfindən sığortalanır və əmanətçiyə ödənilir. Bunun bariz nümunəsi kimi, əvvəlki illərdə bəzi bankların bağlanması zamanı vətəndaşların əmanətlərinin sığortalanması və əksər hallarda tam şəkildə geri qaytarılması praktikasını göstərmək olar”.
Rəfiqə Namazəliyeva,
AzNews.az