- Müşahidə məntəqəsi
- 4 Sentyabr 21:03
- 3 865
“Faizlərin yüksəlməsi kredit götürmə imkanlarını məhdudlaşdırır” - Xalid Kərimli

“Problemli kreditlərin artmasının birbaşa inflyasiya üzərində təsiri yoxdur, amma kredit faizlərinə təsir göstərə bilər. Problemli kreditlərin faizi çoxaldıqda banklar davranışlarını dəyişir və faiz dərəcələrini artırır. Bunun səbəbi odur ki, bank fikirləşir ki, verdiyi, məsələn, 100 manatın 3 manatı geri qayıtmayacaq və bu xərci əvvəlcədən faiz dərəcələrinin üzərinə əlavə edir. Riskin çox olması ilə gəlirlilik arasında düz mütənasiblik var; risk artdıqca gözlənilən gəlirlilik də yüksəlir. Banklar da bu cür davrana bilərlər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Qeyd edək ki, 2025-ci il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 529,4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 17,9 faiz və ya 80,3 milyon manat artıb. Ölkədə problemli kreditlərin məbləği son bir ildə 16,7 faiz və ya 75,7 milyon manat yüksəlib.
Ekspert bildirib ki, faiz dərəcələrinin yüksəlməsi əhalinin kredit götürmə imkanlarını məhdudlaşdırır, çünki bu artım kreditlərə olan tələbi azaldır.
“Bu, öz növbəsində istehlak xərclərinə müəyyən mənfi təsir göstərə bilər. Lakin hazırda bu təsirlər çox ciddi deyil, vəziyyət nisbətən stabil qalır və ümumi göstəricilər kifayət qədər yaxşıdır. Pisdəşmələr mövcuddur, amma vəziyyət hələ də nisbətən yaxşı səviyyədə qalır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az