- Müşahidə məntəqəsi
- 4 Sentyabr 21:21
- 1 418
“Müqavilə olmadan kirayə mübahisələrinin məhkəmədə perspektivi yoxdur” - HÜQUQŞÜNAS

“Birinci növbədə qeyd etmək lazımdır ki, tərəflər arasındakı bütün mülki-hüquqi münasibətlər müqavilə əsasında tənzimlənməlidir. Bu baxımdan kirayə münasibətlərində də kirayə müqaviləsinin bağlanması, onun ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktının hər iki tərəf tərəfindən imzalanması və müqavilədə kirayə haqqının rəsmi şəkildə göstərilməsi vacibdir. Bu, həm kirayə verən şəxsin gələcəkdə əmlakla bağlı risklərini sığortalayır, həm də kirayəçinin özbaşına davranışlarının qarşısını alır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.
Xatırladaq ki, bir çox vətəndaş mənzillərini uzunmüddətli kirayəyə verməkdə maraqlı olsa da, bunun müəyyən risklər daşıdığını vurğulayırlar. Gecikmiş ödənişlər, əmlaka dəyən ziyan və ya müqavilə şərtlərinin pozulması ev sahibini çətin vəziyyətə sala bilər. Bəzi hallarda isə bu hallar kirayəçi ilə hüquqi mübahisələrə səbəb olur.
Hüquqşünasın sözlərinə görə, ilk növbədə müqavilə yazılı qaydada bağlanmalı, əmlak rəsmi şəkildə təhvil-təslim edilməli, ödənişlər isə, o cümlədən mənbədən tutulan vergilər, dövlət büdcəsinə rəsmi şəkildə köçürülməlidir.
“Yalnız bu halda tərəflərin münasibətləri rəsmiyyət kəsb etdiyindən, hər hansı qanunsuzluq baş verərsə, hüquqların müdafiəsi məhkəmə qaydasında mümkün olacaqdır. Əks təqdirdə, tərəflərdən biri iddia qaldırsa belə, münasibətləri tənzimləyən müqavilə olmadığından məhkəmədə işin perspektivi olmayacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az