Ramil Süleymanov: Uşaqların hüquqlarını qorumaq valideynlərin borcudur

“Mənə elə gəlir ki, bəzi valideynlər texnoloji vasitələrdən istifadə etməyə çətinlik çəkirlər. Bu baxımdan, valideynlər 18 yaşına çatana qədər övladlarının telefon və proqram istifadəsini, onların hansı əməliyyatlarda iştirak etdiklərini və hansı proqramlardan necə istifadə etdiklərini izləməli və nəzarətdə saxlamalıdırlar. Bunun üçün müxtəlif texnoloji vasitələr mövcuddur. Əgər uşaqların sosial şəbəkələrdə adlarının çəkilməsi, doğru olmayan informasiyanın yayılması və ya digər uyğun olmayan əməliyyatlar həyata keçirməsi halları baş verərsə, valideynlər övladlarının hüquqlarını qorumaq üçün tədbir görə bilərlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.

Qeyd edək ki, sosial şəbəkələrin sürətlə yayılması ilə kibercinayətlər, saxta profillər, şəxsi məlumatların icazəsiz yayılması, onlayn təhqir və böhtan halları artıb. Bu hallar həm yetkinlərə, həm də yetkinlik yaşına çatmayanlara ciddi zərər vurur. Hüquqi tənzimləmələrin yetərliyi və vətəndaşların hüquqlarını qoruma yolları daim müzakirə olunur.

Hüquqşünas qeyd edib ki, yetkinlik yaşına çatmayan uşaqların qəyyumu və himayəçisi olduqları üçün valideynlər məhkəməyə iddia qaldıra və hüquq mühafizə orqanlarına müraciət edərək övladlarının pozulmuş hüquqlarını bərpa edə bilərlər.

“Bu kimi hallarda ilkin addım olaraq, məlumatın yayıldığı mətbu orqana və ya kütləvi informasiya vasitəsinə müraciət edilməli və həmin materialın silinməsi tələb olunmalıdır. Əgər bu tələb yerinə yetirilməzsə, hüquq mühafizə orqanlarına ərizə verilməli və ya xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməlidir. Məhkəmə pozuntunu təsbit edərsə, övladın hüquqlarını pozan şəxs məsuliyyətə cəlb olunur, valideyn isə övladının hüquqlarını müdafiə etmiş olur”.

Rəfiqə Namazəliyeva,

AzNews.az