Ramin Nurəliyev: Məktəblərdə psixoloji dəstək sistemi yetərsizdir

“Təbii ki, tədris ilinin başlanması ilə yanaşı, həm valideynlər, həm şagirdlər, həm də yuxarı sinif abituriyentləri üçün müəyyən narahatlıqlar yaranır. Abituriyentlərin təhsilə hazırlanması istiqamətində kurslara yönləndirilmə, repetitor hazırlığı və fərdi məşğələlər kimi bir sıra addımlar atılır. Bununla yanaşı, dərsliklərin keyfiyyəti və kifayət qədər mövcudluğu, imtahan nəticələri, KSQ-lər, BSQ-lər, jurnallar və elektron jurnala keçid kimi mövzular da təhsilin əsas müzakirə mövzularındandır. Artıq çap formatında jurnalların daşınmasına ehtiyac qalmayacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, yeni tədris ilinin başlanması ərəfəsində təhsil sahəsində bir sıra mövzular həm valideynlər, həm şagirdlər, həm də müəllimlər üçün aktual olur. Təhsil sistemindəki yeniliklər, dərsliklərin keyfiyyəti, imtahan nəticələri və məktəb mühitində psixoloji vəziyyət bu marağın əsas səbəbləridir.

Ekspert bildirib ki, ağır tədris yükü, sosial şəbəkələrin təsiri və məktəb psixoloji dəstək sisteminin yetərsizliyi psixoloji gərginliyi artıran əsas amillərdir.

“Tədris prosesi, istər aşağı, istər yuxarı siniflərdə, xüsusilə 9 və 11-ci siniflərdə daha gərgin keçir. Ən çox stres isə abituriyentlər və onların valideynləri arasında müşahidə olunur. Bu vəziyyət ali və orta ixtisas təhsil müəssisələrinə qəbul prosesi ilə birbaşa əlaqəlidir. Bu il qəbul prosesi gərgin keçdiyi üçün növbəti il valideynlər və abituriyentlər də həmin gərginliyi hiss edəcəklər. III və IV ixtisas qruplarında balların yüksəlməsi valideynlərin narahatlığını artırır. Xüsusilə blok imtahanda 100 balı keçə bilməyən abituriyentlər ən çox gərginlik yaşamışdır. Onlar yalnız məhdud ixtisaslara müraciət edə bildikləri üçün həmin ixtisaslarda rəqabət ciddi şəkildə artmışdır. Bu hal I və III ixtisas qruplarında açıq şəkildə müşahidə olunub. Orta ümum təhsil məktəblərində psixoloji gərginlik həm valideynlərdə, həm də abituriyentlərdə davamlı olaraq müşahidə olunur. Təəssüf ki, bu gərginliyin aradan qaldırılması üçün yetərli addımlar atılmır. Məktəb psixoloqları tərəfindən bəzi dəstək verilsə də, bu kifayət etmir”.

Təhsil eksperti əlavə edib ki, məktəb psixoloqlarının əsas vəzifəsi hadisələr baş vermədən əvvəl riskli şagirdlər və valideynlərlə mütəmadi görüşlər keçirərək potensial problemlərin qarşısını almaqdır:

“Hazırda isə hadisə baş verdikdən sonra müdaxilə edilir ki, bu da effektiv olmur. Bundan əlavə, məktəb psixoloqlarının ixtisas sahəsində bilik və bacarığa malik olması vacibdir. Hazırda fəaliyyət göstərən psixoloqların yalnız 30–40%-i öz ixtisası üzrə işləyir. Bu səbəbdən məktəb psixoloqlarının sertifikasiya imtahanından keçməsi və yalnız imtahanı uğurla başa vuranların işləməsi təmin olunmalıdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az