Məzahir Məmmədli: MİQ imtahanlarına ödəniş tətbiqi büdcə israfının qarşısını alacaq

“Elm və təhsil naziri brifinqdə məsələyə aydınlıq gətirib. Nazirin sözlərinə görə, hər il müəllimlərin işə qəbulu ilə bağlı çox sayda, 60 mindən çox müraciət daxil olur. Lakin təcrübə göstərir ki, qeydiyyatdan keçənlərin hamısı imtahanlarda iştirak etmir. Nəzərə alsaq ki, bu il təkcə 12 min nəfər qeydiyyatdan keçənlərdən imtahanlarda iştirak etməyib, bu da ümumi işə bir qədər maddi baxımdan ziyan vurur. Məsələn, qeydiyyatdan keçirilmiş hər bir namizəd üçün noutbuklar, elektron vasitələr, müşahidəçilər ayrılır, böyük zallar müəyyənləşdirilir və nəticədə iştirak etməyən şəxslər səbəbindən büdcədən xərclənən vəsait artır. Nazir vurğulayıb ki, bütün bu halların qarşısını almaq məqsədi ilə artıq müəyyən olunub: Dövlət İmtahan Mərkəzi bir şəxs üçün imtahanın başa gələn xərclərini hesablayıb və həmin meyar müəllimlərin işə qəbulu imtahanlarında da tətbiq olunacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarında iştirak üçün təqribən 45–60 manat arası ödəniş nəzərdə tutulur. Onun sözlərinə görə, hər il 10–12 min nəfər qeydiyyatdan keçsə də, imtahanda iştirak etmir və bu, əlavə xərclərə səbəb olur. Ödəniş ilk dəfə müraciət edənlərə və güzəştli kateqoriyaya aid şəxslərə şamil olunmayacaq. Elm və təhsil naziri Emin Əmrullayev də brifinqdə MİQ imtahanlarının ödənişli olmasına dair açıqlama verib.

Ekspertin sözlərinə görə, Milli Məclisdə bu məsələnin qiymətləndirilməsi çətinlik yaratmır, çünki müvafiq təcrübə artıq mövcuddur.

“Hazırkı mərhələdə ödənişlərin 40–60 manat aralığında olması nəzərdə tutulur. Bu cür qərarların verilməsi haqlıdır, çünki hər kəs qeydiyyatdan keçib amma iştirak etməyəcəksə, deməli, qeyri-ciddi yanaşır. Qeyri-ciddi yanaşanların qarşısını almaq üçün məhz bu addımlar atmaq zəruridir. Nazir əlavə edib ki, ilk dəfə imtahan verənlər ödənişdən azad ediləcəklər. Çünki faktiki müəllim işləyən şəxslər özlərini sınamaq məqsədi ilə bir neçə dəfə cəhd edə bilirlər və yaxud qeydiyyatdan keçib imtahanda iştirak etmirlər. İlk dəfə imtahana qatılanların bu ödənişdən kənarda qalması isə doğru addım sayılır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az