Xalid Kərimli: Azərbaycanda kredit faizləri son iki ildə 3% bahalaşıb

“Təəssüf ki, Azərbaycanda Mərkəzi Bankın faiz dərəcəsi siyasəti ilə kommersiya banklarının faizləri arasında ciddi əlaqə müşahidə olunmur. Bunun əsas səbəblərindən biri ölkə iqtisadiyyatının strukturu ilə bağlıdır. Manatın dollar qarşısında fiks edilmiş məzənnə siyasəti Mərkəzi Bankın qərarlarının kommersiya banklarının faizlərinə birbaşa təsirini məhdudlaşdırır. Son dövrlərdə Mərkəzi Bank faiz dərəcələrini endirib, lakin kredit faizləri əksinə, bir qədər artım göstərib. Son bir-iki ildə kredit faizləri orta hesabla üç faizdən çox bahalaşıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 10-da uçot dərəcəsini 7%, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 8% səviyyəsində dəyişməz saxlayıb. Qərarın qəbul olunmasında faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu, inflyasiya hədəfi (4±2%) ilə müqayisəsi, qlobal iqtisadi vəziyyət, daxili makroiqtisadi şərait, valyuta bazarında sabitlik və pul siyasətinin ötürücülük mexanizmi əsas götürülüb.

Ekspert bildirib ki, adətən inflyasiya artanda faiz dərəcələri yüksəlir, inflyasiya azalanda isə faizlər aşağı düşür.

“Lakin sabit məzənnə siyasəti Mərkəzi Bankın qərarlarının bazara təsirini azaldır. İnkişaf etmiş maliyyə bazarına malik iqtisadiyyatlarda Mərkəzi Bankın qərarları daha əhəmiyyətli təsir göstərə bilər, Azərbaycanda isə həm iqtisadiyyatın strukturu, həm kapital bazarının inkişaf səviyyəsi, həm də manatın fiks edilmiş məzənnəsi Mərkəzi Bankın iqtisadiyyatda rolunu məhdudlaşdırır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az