“Regionlarda bağçaların sayı artırılmalıdır” - EKSPERT

“Son illərdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı artmaqdadır. Əvvəllər bu göstərici 30–35 faiz ətrafında idi, lakin son dövrlərdə artım müşahidə olunur. Bu artımın əsas səbəbi dövlətin təşəbbüsləridir. Məqsəd azyaşlı uşaqların 50 faizdən çoxunun məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasını təmin etməkdir. Bu istiqamətdə yeni baxçaların açılması, mövcud müəssisələrin təmiri və fəaliyyətinin gücləndirilməsi kimi addımlar atılır. Hazırda məktəbəqədər təhsilə cəlb olunan 40 faiz uşağın kifayət qədər olmadığı bildirilir. Əsas məqsəd gələcəkdə bu göstəricini daha da artırmaqdır. Bakı şəhərində bu sahədə müəyyən uğurlar əldə olunsa da, regionlarda vəziyyət daha passivdir. Bir çox kənd və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin sayı çox azdır və bu, həmin bölgələrdə təhsilin inkişafına maneə yaradır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, bu il Azərbaycanda 1–5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması rekord səviyyəyə çatıb. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu yaş qrupunun artıq 40 faizi təhsil müəssisələrində qeydiyyata alınıb ki, bu da ölkədə məktəbəqədər təhsilin inkişafında mühüm nailiyyət sayılır.

Ekspert qeyd edib ki, regionlarda vəziyyətin yaxşılaşdırılması üçün yeni məktəbəqədər təhsil müəssisələrinin açılması vacibdir.

“Eyni zamanda valideynlərin də bu sahəyə diqqət göstərməsi, uşaqları baxçalara yazdırmaları təmin edilməlidir. Hazırda bəzi valideynlər əlverişsiz nəqliyyat, infrastruktur çatışmazlığı və digər səbəblərdən uşaqları baxçalara göndərməkdən çəkinir. Bakı şəhərində isə həm infrastruktur, həm də iş imkanları valideynləri uşaqlarını məktəbəqədər təhsil müəssisələrinə yazdırmağa təşviq edir. Regionlarda isə bu sahədə qeyri-hökumət təşkilatları və ictimai qurumlar daha fəal olmalı, valideynlərin diqqətini məktəbəqədər təhsilin uşaqların gələcək inkişafında əhəmiyyətinə yönəltməlidirlər. Məktəbəqədər təhsil gənclərin təhsilinin təməlini qoyur və bu sahəyə diqqətin artırılması zəruridir. “Gələcək illərdə bağçaların sayının 50–60 faizə çatdırılması üçün hansı strategiyalar həyata keçirilməlidir?” sualına belə cavab vermək olar: Məktəbəqədər təhsil müəssisələrinin, xüsusilə bağçaların açılması və sayının artırılması zəruridir. Bu istiqamətdə əsas diqqət regionlara yönəldilməlidir ki, kənd və rayonlarda yaşayan valideynlər də azyaşlılarını məktəbəqədər təhsil müəssisələrinə göndərsinlər. Eyni zamanda, ictimai təşkilatlar təbliğat işlərini gücləndirməli, bağçaların əhəmiyyətini cəmiyyətə izah etməlidir. Böyük şəhərlərdə — Bakı, Sumqayıt, Gəncə, Lənkəran — bu sahədə fəaliyyət artıq mövcuddur, lakin bir çox kənd və rayonlarda hələ də çatışmazlıqlar var. Yerli icra hakimiyyətlərinin dəstəyi ilə bu istiqamətdə işlər gücləndirilsə, yaxın iki-üç il ərzində bağçalara cəlb olunan uşaqların göstəricisinin 50–60 faizə çatması mümkündür”.

Rəfiqə Namazəliyeva,

AzNews.az