“Paytaxtda tələb-təklif balansı taksi qiymətlərinə təsir edir” - Eldəniz Cəfərov

“Bakıda taksi çatışmazlığı müşahidə olunmur, əksinə, onların sayı gündən-günə artır. Bu, həm imtahan verənlərin sayının çoxalması, həm də istismara verilən yeni avtomobillərin artması ilə bağlıdır. Lakin paytaxtda və ətraf ərazilərdə ictimai nəqliyyatla yanaşı, taksilərə də böyük tələbat var. Bunun əsas səbəbi ölkənin əksər universitet və liseylərinin Bakıda yerləşməsidir. Bu amil digər bölgələrdən şəhərə axını artırır və nəticədə taksiyə ehtiyac da çoxalır. 15 sentyabr ərəfəsində tələbələrin və onların valideynlərinin Bakıya gələrək sənədləşmə, kirayə və yataqxana məsələlərini həll etməsi də taksilərə tələbin yüksəlməsinə səbəb olub. Tələb artdıqca qiymətlər də bahalaşır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Xatırladaq ki, son zamanlar Bakıda taksi xidmətləri ilə bağlı narazılıqlar artıb. Vətəndaşlar bildirirlər ki, xüsusən də pik saatlarda, hətta hava şəraiti əlverişli olduqda belə, sifarişlərin əksəriyyəti qəbul olunmur. Bu vəziyyət sərnişinlərin vaxt itkisinə gətirib çıxarır və ictimai narazılığı artırır.

Ekspert qeyd edib ki, taksi xidmətlərində sabit tarif deyil, dəyişən qiymət sistemi tətbiq olunur.

“Paytaxtda yaranan xroniki tıxaclar da vəziyyətə təsir göstərir. Sıxlıq səbəbindən bəzi sürücülər sifarişlərə gec çatır, bəziləri isə işləməkdən imtina edirlər. Hazırda Nərimanov rayonu ərazisində – Xoyski küçəsinin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri ilə kəsişməsində aparılan təmir işləri böyük tıxaclara yol açıb. Bu ərazilərdə nə yol hərəkətinin tənzimlənməsi, nə də əlavə nəzarət tədbirləri müşahidə olunur. Tıxacların azaldılması üçün yol hərəkətinin daha səmərəli tənzimlənməsinə və əlavə tədbirlərə ehtiyac var”.

Rəfiqə Namazəliyeva,

AzNews.az