“Azərbaycanda yalnız tanınan universitetlərin diplomları qəbul olunur” - Ramin Nurəliyev

“Ümumiyyətlə, son illərdə xarici ali təhsil müəssisələrinə tələbə axını xeyli artıb. Lakin valideynlər övladlarını xaricdə oxutmaq qərarına gələndə bir sıra vacib məqamlara xüsusi diqqət yetirməlidirlər. Ən əsas məsələ diplomun tanınmasıdır. Xaricdə təhsil şirkətlərinə kor-koranə etibar etmək olmaz. Valideynlər mütləq həmin ölkədəki və universitetdəki diplomun Azərbaycanda tanınıb-tanınmadığını əvvəlcədən araşdırmalıdırlar. Çünki tələbə təhsilini başa vurub diplomla qayıtdıqda, onu Təhsilin Keyfiyyətinin Təminatı Agentliyində (TKTA) tanıtdırmaq məcburiyyətində qalır. Amma çox vaxt valideynlər sonradan öyrənirlər ki, həmin universitetin lisenziyası yoxdur, yaxud diplom tanınmır. Xüsusilə distant təhsil diplomları Azərbaycanda qəbul edilmir. Hazırda ölkə qanunvericiliyində distant təhsil forması nəzərdə tutulsa da, tətbiq olunmadığı üçün xaricdə bu formada oxuyanların diplomu bizdə tanınmır. Eyni vəziyyət Türkiyə universitetlərində qiyabi və açıq təhsil formaları üçün də keçərlidir — həmin diplomlar Azərbaycanda etibarlı sayılmır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, son illərdə Azərbaycan gəncləri arasında xaricdə təhsilə maraq nəzərəçarpacaq dərəcədə artıb. Dövlət proqramları və beynəlxalq təhsil imkanları gənclərə dünyanın müxtəlif ölkələrində ali təhsil almaq imkanı yaradır. Bununla belə, xaricdə təhsil təkcə üstünlüklər deyil, həm də müəyyən çətinliklər və risklər doğurur.

Ekspertin sözlərinə görə, valideynlər övladlarını xaricə göndərməzdən əvvəl mütləq TKTA-nın rəsmi saytında yerləşdirilən tanınan və tanınmayan universitetlərin siyahısı ilə tanış olmalıdırlar.

“Əgər seçim edilən universitet “tanınmayanlar” siyahısındadırsa, uşağı ora göndərmək düzgün deyil. Valideynlər mümkün qədər əvvəlcədən plan qurmalıdırlar. Övladını xaricdə oxutmaq istəyənlər bu prosesi ən azı 9-cu sinifdən etibarən planlamalı, uşağın olimpiadalarda, beynəlxalq imtahanlarda (SAT, IELTS və s.) iştirakına şərait yaratmalıdırlar. Bu nəticələr həm dövlət proqramlarına, həm də hökumətlərarası təqaüd imkanlarına müraciət üçün əsas verir. Dövlət proqramında və hökumətlərarası təqaüdlərdə adı çəkilən universitetlərə üstünlük verilməsi daha məqsədəuyğundur, çünki Azərbaycan dövləti həmin universitetlərin diplomlarını tanıyır. Digər mühüm məqam valideyn nəzarətidir. Uşağın xaricə göndərilməsindən sonra valideyn onun təhsilinə mütəmadi olaraq diqqət göstərməlidir: hər il ən azı bir dəfə övladının təhsil prosesi ilə maraqlanmalı, hansı kursda oxuduğunu və dərslərə davamiyyətini yoxlamalıdır. Təəssüf ki, bəzi hallarda tələbələr illərlə xaricdə qalıb hələ də diplom ala bilmirlər, bəziləri isə ümumiyyətlə təhsildən uzaqlaşıb əmək fəaliyyətinə qoşulurlar. Seçilən ixtisaslar da müasir dövrün tələblərinə uyğun olmalıdır. İnformatika, kompüter elmləri, texnologiya yönümlü sahələrə üstünlük verilməsi daha məqsədəuyğundur. Təəssüf ki, bəzi valideynlər övladları yerli universitetlərin qabiliyyət imtahanlarını və ya keçid ballarını keçə bilmədikdə onları əlavə xərcə salaraq xaricdə eyni ixtisasa göndərirlər. Halbuki daha perspektivli ixtisasların seçilməsi həm övladın gələcək karyerası, həm də qoyulan vəsaitin dəyəri baxımından daha səmərəli olardı. Nəticə etibarilə, xaricdə təhsilə qarşı çıxmaq olmaz, əksinə, düzgün seçildiyi və övlad həqiqətən oxuduğu təqdirdə bu, böyük fürsətdir. Amma valideynlər hər addımı öncədən araşdırmalı, diplomun tanınıb-tanınmadığını dəqiqləşdirməli, uşağın təhsilini izləməli və seçimlərində kortəbii davranmamalıdırlar”.

Rəfiqə Namazəliyeva,

AzNews.az