- Müşahidə məntəqəsi
- 24 Sentyabr 20:32
- 1 267
Məzahir Məmmədli: “Cəmiyyətdəki agresiya məktəblərə də sirayət edib”

“Sosial şəbəkələrdə və internetdə yayılan agresiv kampaniyalar yalnız məktəblərdə deyil, artıq cəmiyyətin digər sahələrində də geniş yayılıb. Yəni, bir növ cəmiyyətimiz müəyyən qədər agresivləşib. Bunun müəyyən səbəbləri var: sosial vəziyyət, çətinliklər içərisində yaşayan insanlar və digər faktorlar. Gündəlik həyatda bu agresiyanı sürücülərdə, piyadalarda və bizi əhatə edən digər sahələrdə müşahidə edirik. Məktəblər də bu cəmiyyətin tərkib hissəsi olduğundan, şagirdlər arasında da bu tendensiya özünü göstərir. Şagirdlər məktəblərin əsas aparıcı lokomotivləridir və onların davranışları ümumi vəziyyəti əks etdirir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, son dövrlərdə Azərbaycanda təhsil sahəsi ilə bağlı müzakirələr aktuallaşıb. Xaricdə təhsil, kurikulum islahatları, peşə məktəblərinin rolu, imtahanların gənclərə təsiri, məktəblərdə intizam və sosial problemlər ictimaiyyətin diqqətindədir. Xüsusilə zorakılıq, şagird-müəllim gərginliyi, sosial şəbəkələrin təsiri və psixoloq çatışmazlığı narahatlıq yaradır.
Ekspert bildirib ki, agresiyanı cəmiyyətdən uzaqlaşdırmaq üçün öncə insanların rifah halının yaxşılaşdırılması vacibdir.
“Hər bir şagird məktəbə bərabər imkanlarla gəlməli və təlimə uyğun şərait əldə etməlidir. Eyni zamanda, akademik göstəriciləri zəif olan şagirdlərdə agresiya daha çox müşahidə olunur; onlar daha çox neqativ davranışlara meyllidirlər. Bu xüsusilə 6–8-ci sinif şagirdləri arasında nəzərə çarpır. Bu yaş qrupunda şagirdlər özlərini ətrafına tanıtmaq üçün bəzi təşəbbüslər göstərir və bəzən neqativ yollara üz tuturlar. Problemin bir tərəfi də odur ki, məktəblərdə bu sahədə işləyəcək yetərli mütəxəssis yoxdur. Məsələn, məktəb üzrə hər 1000 şagirddən bir psixoloq ayrılıb və onların çoxu da lazımi şərait və alətlərə malik deyil. Problemlə üzləşən şagird psixoloq tərəfindən dərhal müdaxilə edilməli, valideynlərlə söhbət aparılmalı və uyğun siyasətlər müəyyənləşdirilməlidir. Bu boşluqları aradan qaldırmaq üçün ciddi mexanizmlərə ehtiyac var. Şagirdin rifahı təmin edilməli, ailəsindəki problemlər onun məktəbdə davranışına təsir etməməlidir. Eyni zamanda, hər hansı problem yaranarsa, mütəxəssis dərhal müdaxilə etməli və şagirdin inkişafını dəstəkləməlidir. Ümumilikdə vəziyyət belədir: agresiv kontenti tam aradan qaldırmaq üçün əlavə mexanizmlər mövcud deyil, lakin qeyd olunan yanaşmalar bu problemi müəyyən qədər yüngülləşdirməyə xidmət edə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az