“Aeroportdakı taksi siyasəti sərnişinlərin hüquqlarına ziddir” - HÜQUQŞÜNAS

“Ombudsman aparatı bildirir ki, insan hüquqları baxımından vətəndaşlara seçim imkanı təmin olunmalıdır. Bakı Beynəlxalq Aeroportu dövlət büdcəsi hesabına tikilib və əlavə maliyyə vəsaiti ayrılmayıb. Bu səbəbdən vətəndaşların hüquqlarına hörmətlə yanaşmaq və onların seçim imkanlarını məhdudlaşdırmamaq əsas prinsiplərdən biri olmalıdır. AZAL ilə Bakı Taksi arasında bağlanmış müqavilə vətəndaşların seçim imkanlarını məhdudlaşdıra və iqtisadi maraqlarına təsir göstərə bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.

Qeyd edək ki, Bakı aeroportunda taksi xidməti ilə bağlı yeni tarif siyasəti sərnişinlərin seçim imkanlarını məhdudlaşdırdığı, sürücülərə iqtisadi zərər vurduğu və rəqabət prinsiplərinə uyğun olmadığı üçün Ombudsman Aparatı tərəfindən monitorinqə çıxarılıb. Nəticələr aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.

Hüquqşünas qeyd edib ki, ölkədə fəaliyyət göstərməyə icazə verilmiş taksi şirkətləri vergi ödəyən sürücüləri əhatə edən öz platformalarından istifadə edir.

“Vətəndaşlar bu sürücülərə ödəniş etdikdə müvafiq sənədlər təqdim olunur ki, bu da şəffaflıq və hesabatlılıq prinsiplərinə xidmət edir. Ombudsman tövsiyə edir ki, dövlət və müvafiq qurumlar məsələyə yanaşarkən vətəndaşların hüquqlarını diqqətlə nəzərə alsın və siyasətini bu prinsiplərə uyğun şəkildə təkmilləşdirsin. Bu yanaşma həm vətəndaşların hüquqlarının qorunmasına, həm də xidmətlərin ədalətli və şəffaf şəkildə təşkil olunmasına töhfə verəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az