“X–XI siniflərdə şagirdlər istiqamətlər üzrə tədris almalıdır” - Ramin Nurəliyev

“Ağlıma gələn ilk məqam odur ki, şəxsi fikrimcə, dərsliklərdə istər orta ümumtəhsil məktəblərində, istərsə də ali təhsil müəssisələrində ciddi dəyişikliklər edilməlidir. Bu, mütləq şəkildə həyata keçirilməlidir. İlk növbədə orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərə nəzər yetirmək və bu mövzu ətrafında danışmaq lazımdır. Daha sonra isə ali təhsil müəssisələrindəki dərsliklər məsələsinə keçmək olar. Orta ümumtəhsil məktəblərində dərsliklər kifayət qədər şagirdləri qane etmir. Bunun səbəbi nədir? Əslində, dərsliklər tamamilə pis deyil, lakin müəyyən dəyişikliklər edildikdə onların məzmunu və strukturu pozulur, nəticədə dərsliklər məqsədinə xidmət etmir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, Azərbaycanda təhsil islahatlarının əsas istiqamətlərindən biri dərslik siyasətidir. Bu məsələ valideynlər, müəllimlər və mütəxəssislər arasında geniş müzakirələr doğurur. Milli Məclisdə keçiriləcək ictimai dinləmə isə siyasətin daha şəffaf formalaşmasına və təhsilin keyfiyyətinə real təsir göstərə biləcək addım kimi qiymətləndirilir.

Ekspert qeyd edib ki, burada əsas məsələ sistemin dəyişdirilməsinə olan ehtiyacdır.

“Xüsusilə yuxarı sinif şagirdlərinin əsas arzusu ali təhsil müəssisəsinə qəbul olmaqdır. Əgər biz yuxarı sinif şagirdlərinin orta məktəbə davamiyyətini və marağını artırmaq istəyiriksə, dərsliklərdə və ümumilikdə tədris prosesində dəyişikliklər etməliyik. İbtidai siniflərdə (I–IV siniflər) ciddi bir problem görünmür. Dərsliklər kurikulum sisteminə uyğun olaraq hazırlanıb. V–IX siniflər də məcburi təhsil mərhələsinə daxildir və burada da çox ciddi problemlər müşahidə olunmur. Amma əsas problem X–XI siniflərdədir. Mütəxəssislər tez-tez vurğulayırlar ki, orta məktəb yalnız universitetə hazırlıq yeri deyil. Burada həm təhsil, həm də tərbiyə verilməlidir. Amma gəlin reallığı qəbul edək: X–XI sinif şagirdlərinin əsas məqsədi ali məktəbə qəbul olmaqdır. Bu, yalnız Azərbaycana xas deyil, dünyanın əksər ölkələrində belədir. Bizim problemimiz ondadır ki, X–XI sinif dərslikləri və proqramları ali məktəbə qəbul istiqamətində formalaşdırılmayıb. Buna görə də şagirdlər məktəbi boş vaxt kimi dəyərləndirir və alternativ yollara üz tuturlar – repetitor yanına gedirlər və ya hazırlıq kurslarına yazılırlar. Məsələn, Azərbaycan dili fənnini götürək. Qəbul proqramında 50 mövzu varsa, X–XI sinif dərsliklərində bunun cəmi 5–6 mövzusu yer alır. Bu isə ümumi proqramın 5–10 faizidir. Belə olduqda şagird universitet imtahanına hazırlaşmaq üçün məcburən əlavə dəstək axtarır. Eyni vəziyyət riyaziyyat və digər fənlərdə də müşahidə olunur. Nəticədə şagirdlər X sinifə gəldikdə 5-ci və ya 6-cı sinifdə keçdikləri mövzuları xatırlamır. Tədris proqramı isə bu mövzuları sistemli şəkildə yenidən öyrətmir. Ona görə də şagird sıfırdan öyrənməyə məcbur qalır. Əgər məktəb bu imkanı vermirsə, o, təbii olaraq repetitor və kurslara üz tutur. Düşünürəm ki, X–XI sinif dərslikləri tamamilə universitetə hazırlıq proqramları əsasında tərtib olunmalıdır. Misal üçün, humanitar ixtisaslara hazırlaşan şagirdin fizika və kimya dərslərinə saat itkisi ilə ehtiyacı yoxdur. Onun əsas fənləri – tarix, ədəbiyyat, dil dərsləri daha geniş şəkildə keçirilməlidir. Əksinə, texniki ixtisaslara hazırlaşan şagirdin isə tarix və ədəbiyyat dərslərinin saatı azaldılıb, fizika və kimyaya üstünlük verilməlidir. Yəni, yuxarı siniflərdə proqramlar şagirdin seçdiyi istiqamətə uyğunlaşdırılmalıdır”.

Ekspert əlavə edib ki, ali təhsil müəssisələrində də vəziyyət qənaətbəxş deyil:

“Tədris proqramları kifayət qədər səmərəli deyil. Məsələn, pedaqoji ixtisaslarda oxuyan gənc universiteti bitirdikdən sonra birbaşa müəllim kimi MİQ imtahanından keçə bilmir. Çünki universitetdə aldığı biliklər kifayət etmir. Bu səbəbdən o, əlavə hazırlıq kurslarına və ya repetitorlara üz tutmağa məcbur qalır. Eyni vəziyyət mühəndislik ixtisaslarında da mövcuddur. Kimya mühəndisliyi və ya maşın mühəndisliyi ixtisasını bitirən məzun praktiki bilikləri zəif olduğuna görə birbaşa ixtisası üzrə işləməkdə çətinlik çəkir. Bu, tədrisin nəzəriyyə üzərində qurulmasından, praktiki məşğələlərin isə çox zəif təşkil olunmasından qaynaqlanır. Ümumilikdə, istər orta ümumtəhsil məktəblərində, istərsə də ali təhsil müəssisələrində proqramlar, dərsliklər və tədris sistemi köklü şəkildə dəyişdirilməlidir. Əgər Milli Məclisin bu istiqamətdə təşəbbüsü varsa, mən bunu alqışlayıram. Bu təşəbbüs düzgün addımdır və ümid edirəm ki, gələcəkdə gənclərimiz üçün böyük fayda verəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az