- Müşahidə məntəqəsi
- 27 Sentyabr 23:05
- 1 640
“DİM-in imtahanlarında ciddi nöqsanlar var” - Məzahir Məmmədli

“Dövlət İmtahan Mərkəzinin bu məsələyə yanaşması bir neçə ay əvvəl artıq özünü göstərmişdi. O zaman geniş müzakirələr gedirdi, sosial şəbəkələrdə və mediada hətta efirlərə çıxmışdı ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı apellyasiya şikayətləri rekord həddə çatıb. Hər kəs öz haqqını və hüququnu tələb edirdi. O dövrdə Dövlət İmtahan Mərkəzi bu məsələlər ilə bağlı açıqlama verdi ki, hər il statistikanı açıqlayır və 11 000 nəfərin apellyasiya müraciəti normaldır. Yalnız tələbələrin sayının artması ilə müraciətlərin sayı çoxalıb. Buna baxmayaraq, təcrübə göstərir ki, Dövlət İmtahan Mərkəzinin işi həm bakalavriat, magistratura, həm də doktorantura imtahanlarında ciddi nöqsanlar və problemlər daşıyır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, son günlər ali təhsil pilləsinə qəbul prosesi ilə bağlı müzakirələr daha da qızışıb. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə açıqlayıb ki, yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alan tələbələr dövlət sifarişi hesabına təhsillərini davam etdirə biləcəklər. Bu açıqlama ictimaiyyətdə diqqətlə qarşılanıb. Lakin qəbul və yerləşdirmə prosesinin normadan uzun — yeddi ay davam etməsi DİM-in fəaliyyətində sistem böhranının olub-olmaması barədə müzakirələri yenidən gündəmə gətirib.
Ekspertin sözlərinə görə, Mərkəz yeddi–səkkiz ay əvvəlki proseduru yenidən tətbiq etməyə çalışır ki, bu da sistemdə çatışmazlıqların olduğunu və ya imtahanların təşkili üçün kifayət qədər hazırlığın olmadığını göstərir.
“Eyni zamanda, bəzi hallarda sistemin məqsədyönlü olaraq müraciətləri çətinləşdirdiyi də görünür. Məsələn, doktorantlar üçün dil səviyyəsi ciddi problem yaradıb, magistratura səviyyəsində isə bu il dövlət sifarişi üzrə 1 200, ümumilikdə isə 3 000 boş yer qalmışdı. Bu vəziyyət tələbələr üçün əlavə çətinliklər yaradır. Dövlət İmtahan Mərkəzinin işi yenidən qiymətləndirilməli və müəyyən qaydalar çərçivəsinə salınmalıdır. Hazırkı vəziyyət göstərir ki, həm bakalavriat, həm magistratura, həm də doktorantura səviyyəsində aparılan imtahanlarda ciddi islahatlara ehtiyac var. Dəfələrlə qeyd edirik ki, əgər Dövlət İmtahan Mərkəzi 150 bal üzərində qəbul həyata keçirirsə, bu ali təhsil müəssisəsi üçün ənənəvi təhsil sistemində təxminən 2 qiyməti dəyərinə bərabərdir, yəni 2-nin altında bir rəqəmdir. Bu, Mərkəzin işinin yenilənməsi və imtahan prosedurlarının təkmilləşdirilməsi üçün zərurətdir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az