“Boşanma hallarının çoxalması cəmiyyət üçün ciddi siqnaldır” - Nailə İsmayılova

“Bu mövzu demək olar ki, dəfələrlə, həm sosial şəbəkələrdə, həm də Respublika mətbuatında müzakirə olunub. Mən şəxsən buna yalnız “mövzu” kimi baxmaram; burada insan həyatının müqəddəratı danışılandır. Ailə quran iki insanın həm bu günü, həm də gələcək həyatı önəmlidir. Mən istəməzdim ki, məsələ yalnız boşanma hallarının artması kimi müzakirə olunsun. Bəzən müəyyən müddət ərzində bu barədə danışılır, sonra sakitlik yaranır; amma zaman keçdikcə yenidən problem kimi gündəmə gəlir. Təbii ki, bu, mənim istəyimdən asılı deyil. İki insan ailə qurmazdan əvvəl öz aralarında hər şeyi açıq müzakirə etməlidirlər: gələcək həyatları, ailənin hansı təməllər üzərində qurulacağı, uşaqların dünyaya gəlməsi ilə bağlı arzular, sağlamlıq və psixoloji vəziyyət”.

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib.

Xatırladaq ki, son illər Azərbaycanda boşanmaların sayı ciddi artıb və bu, cəmiyyətin diqqət mərkəzindədir. Statistikalar göstərir ki, ailələrin dağılması halları ildən-ilə çoxalır və bu tendensiya narahatlıq doğurur. Maraqlıdır ki, mövzu mediada və ictimai müzakirələrdə nə qədər geniş işıqlandırılırsa, bir o qədər də normallaşır və nəticədə boşanmalar azalmaq əvəzinə artır.

Sosioloq qeyd edib ki, hər bir məsələ aydın şəkildə müzakirə olunmalıdır ki, sonradan boşanma halları yaranmasın.

“Təəssüf ki, bəzi insanlar evlənərkən belə düşünürlər: “Evlənirik, alınmasa boşanarıq.” Bu, düzgün yanaşma deyil. Azərbaycan ailəsində tarixən evlilik müqəddəs sayılıb. Dünyanın müxtəlif xalqlarında, dinlərində də evlilik ciddi və müqəddəs bir proses kimi qəbul edilir. Məsələn, xristianlarda nikah kilsədə, ibadət olunan yerdə bağlanır; tərəflər bir-birinə “pis gündə, yaxşı gündə birlikdə olacağıq” sözünü verirlər. Bizdə isə əvvəllər “əhtip-i iman” adlanan bir dövr var idi; nişanlıq dövründən əvvəl oğlan və qız bir-birinə söz verər, sevgi və qarşılıqlı hörmət üzərində ailə qurardı. Təəssüf ki, indi bu ifadəni eşitmək çox nadirdir və gənclər arasında unudulub. Halbuki, belə ifadələr insanın beynində müsbət enerji yaradır, xoşbəxtlik hissini artır. Son zamanlar evlənənlər isə daha tez boşanmağa meyllidirlər. Güzəştlər azdır; insanlar tez qərar verib evlənir və ya boşanırlar. Ailə qurmaq ciddi prosesdir: düşünmək, fikirləşmək lazımdır. Ailə sevgi üzərində qurulmalıdır; gələcək uşaqlar da sevgidən doğulmalıdır. Sevgi ilə böyüyən uşaqlar həm ağıllı, həm gözəl, həm də tərbiyəli olurlar. Ana bətnində uşaqlar valideynlərinin münasibətlərini hiss edir, buna görə də sağlam ailə mühiti çox önəmlidir. Boşanmanın səbəbləri müxtəlifdir: kənar müdaxilələr, anlaşılmazlıq, xasiyyət uyğunsuzluğu və s. Amma əgər insanlar bir-birini sevmirsə, ailə qurmaqdan çəkinmək daha doğru olar. Cəmiyyət olaraq biz də bu məsələlər üzərində düşünməliyik. Kiçik dövlətlər kimi ailələrimiz böyük dövlətin qurulmasında rol oynayır. Gələcək nəsillərimiz bizdən nümunə götürəcək. Sosial media da burada mühüm rol oynayır; insanlar ailə və boşanma mövzusunda daha diqqətli olmalıdırlar. Əziz gənclər, ailə quran cütlüklər — düşünün, dərindən düşünün və nikaha daxil olun. Ailə oyuncaq deyil; bərabər yaşamaq, qarşıya çıxan çətinlikləri birgə aşmaq deməkdir. Evlənmək üçün sadəcə evlənməyin; əgər məqsəd boşanmaqdırsa, evlənməyin”.

Rəfiqə Namazəliyeva,

AzNews.az