- Müşahidə məntəqəsi
- 29 Sentyabr 20:17
- 2 427
Xalid Kərimli: “Platin tələbatı ekoloji standartlarla artır”

“Platinin əsas istehsalçısı Cənubi Afrika hesab olunur; ümumiyyətlə, dünya platin istehsalının böyük hissəsi—təqribən 70%-i—Afrikada həyata keçirilir. İkinci ən böyük istehsalçı isə Rusiyadır. Rusiya platin hasilatında bu ilin ikinci yarısında azalma müşahidə olunub. Sanksiyalar və dollar çətinliyi səbəbindən satış prosesi də təsirlənir. Platinin əsas istifadə sahəsi avtomobil sənayesidir. Avtomobillərdə katalizatorlarda istifadə olunur; bu hissə tüstü və zərərli tullantıların ətraf mühitə çıxmasını azaldır və avtomobilin ən bahalı komponentlərindən biridir. Bəzən oğrular katalizatoru çıxarıb satırlar ki, qiyməti 1.500–2.000 manat arasında dəyişir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Qeyd edək ki, beynəlxalq bazarlarda platinin qiyməti son 11 ilin rekord səviyyəsinə yüksəlib. Troya unsiyasının dəyəri 1 352 dollara çataraq 2014-cü ildən bəri ən yüksək göstəricini göstərib. İlin əvvəlindən etibarən 43%-dən çox artım göstərən platin, sonradan 1 290 dollar səviyyəsində sabitləşib.
Ekspert bildirib ki, avtomobil sənayesində platinə olan tələbat ekoloji standartların sərtləşməsi ilə bağlıdır.
“Bu da platinə olan ümumi tələbatı yüksəldir. Bundan başqa, platin qızıl və gümüş kimi zərgərlik bazarında da qiymətli metal kimi istifadə olunur; qızıl və gümüşün qiyməti artdıqda, platin də bahalaşa bilər, çünki bunlar bir-birinə alternativ hesab olunur. Azərbaycan platin istehsal etmir, buna görə də onun birbaşa iqtisadi faydası və zərəri yoxdur, yalnız idxal yolu ilə təsiri ola bilər. Avtomobil qiymətləri platinin qiymətinə görə artsa, bu, idxal avtomobillərinin qiymətini artıraraq alıcılara təsir edə bilər. Eyni zamanda, zərgərlik məhsulu kimi platin alışı da müəyyən dərəcədə qiymət artımına təsir göstərə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az