- Müşahidə məntəqəsi
- 20:01
- 1 432
“Süni intellektin təhlükəsiz istifadəsi üçün etik və hüquqi çərçivələr vacibdir” - Bəhruz Əliyev

“AI texnologiyalarının sürətlə yayılması üçün tələb-təklif balansı, infrastruktur və investisiya imkanları birlikdə inkişaf etməlidir. İnkişaf etməkdə olan ölkələr üçün əsas çətinliklərdən biri modellərin hazırlanması və hostinqdir; üstünlük hazırda əsasən inkişaf etmiş ölkələrdədir. İnkişaf etməkdə olan ölkələr isə hələlik əsasən istifadəçi bazası kimi fəaliyyət göstərir. Çip qiymətlərinin yüksək olması bəzi ölkələrdə maliyyə baryeri yaradır. Zamanla qiymətlərdə müəyyən enişlər müşahidə olunsa da, süni intellekt alətlərinə tələbin artması fərqləri hələlik azaldır. Yaranmış AI bumunun zamanla bazara yeni oyunçuların daxil olması ilə ucuzlaşacağı qənaətindəyəm”.
Bu fikirləri Aznews.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.
Qeyd edək ki, süni intellekt, xüsusilə böyük dil modelləri (BDM), qlobal miqyasda sürətlə yayılır. Azərbaycanda və regionda da bu texnologiyalara maraq artır, insanlar onu iş proseslərini optimallaşdırmaq və yaradıcı fəaliyyətlərini genişləndirmək üçün istifadə edirlər. OpenAI məsləhətçisi Zak Kass bildirib ki, modellərin işləmə xərclərinin azalması inkişaf etməkdə olan ölkələrdə ChatGPT istifadəsinin artmasına səbəb olur. Eyni zamanda, süni intellektin tətbiqi etik və təhlükəsizlik risklərini də doğurur.
Ekspert bildirib ki, əsas məsələ süni intellektin etik və təhlükəsiz şəkildə istifadəsidir.
“AI sistemləri şəxsi məlumatları – məsələn, istifadəçi profilləri, coğrafi məlumatlar, sosial media paylaşımları və s. – toplamaq və işlətmək potensialına malikdir. Bu məlumatların necə saxlanacağı, kim tərəfindən istifadə olunacağı və istifadəçilərin razılığı kritik önəm daşıyır. 2025–2028-ci illəri əhatə edən AI strategiyasında etik qaydalar, məxfilik və fərdi hüquqların qorunması məsələlərinə xüsusi yer ayrılıb. Dil modelləri bəzən “hallucination” (uydurma) adlanan halları törədə bilər və real olmayan, yanlış məzmun istehsal edə bilər. Buna görə də yalnız infrastruktura investisiya deyil, həm də etik, hüquqi və təhlükəsizlik çərçivələrinin paralel inkişafı vacibdir ki, AI-nin zərərləri minimuma endirilsin və cəmiyyət üçün faydaları maksimallaşsın”.
Rəfiqə Namazəliyeva,
AzNews.az