“Jurnalistin rolu dəyişir, amma yox olmur” - Səbinə İzzətli

“Jurnalistin rolu dəyişir, amma yox olmur. Süni intellekt (Sİ) jurnalistikada bir çox texniki və gündəlik işləri – məsələn, məlumatların (data) emalı və ilkin mətnlərin hazırlanması kimi prosesləri – uğurla yerinə yetirə bilir. Bu, həm vaxt, həm də resurs baxımından böyük üstünlükdür. Lakin jurnalistika təkcə mətn yazmaqdan ibarət deyil. Bu peşə eyni zamanda mövcud reallığı anlamaq, təhlil etmək və ictimai məsuliyyət daşımaq sənətidir. Bu bacarıqlar isə hələlik Sİ-nin imkanları xaricindədir. Bu gün jurnalistlər daha çox dəqiqləşdirən, yoxlayan və etik keşikçi rolunu oynayırlar. Çünki Sİ bəzən yanlış və ya yanıldıcı məlumat təqdim edə bilər. Buna görə də jurnalistlərin əsas vəzifəsi hər bir informasiyanın dəqiqliyini yoxlamaq, onu yayımlamazdan əvvəl müxtəlif etibarlı mənbələrdən təsdiqləməkdir”.

Qeyd edək ki, süni intellektin (AI) sürətli inkişafı informasiya mühitində yeni bir mərhələ açıb. Artıq xəbərlər, reportajlar, hətta analitik məqalələr belə süni intellekt alətləri vasitəsilə hazırlanır. Bu, bir tərəfdən redaksiyalara vaxt və resurs baxımından qənaət imkanı yaradır, digər tərəfdən isə jurnalistikanın əsas prinsipləri – obyektivlik, məsuliyyət və etik sərhədlər – barədə ciddi suallar doğurur. Süni intellektlə yaradılan kontentlərdə dezinformasiya riski, müəlliflik hüquqları və şəffaflıq məsələləri xüsusilə ön plana çıxır.

Bu fikirləri Aznews.az-a açıqlamasında yeni media üzrə tədqiqatçı Səbinə İzzətli deyib.

Tədqiqatçı qeyd edib ki, eyni zamanda şəffaflıq məsələsi də böyük əhəmiyyət kəsb edir.

“Auditoriya bilməlidir ki, təqdim olunan materialı insan özü hazırlayıb, yoxsa süni intellektin köməyindən istifadə olunub. Bu cür dürüstlük redaksiya ilə oxucu arasında etimadı gücləndirəcək. Digər mühüm məqam redaksiya qərarı və dəyərləndirmə bacarığıdır. Sİ məzmunun emosional tərəfini, sosial həssaslığını və mədəni kontekstini tam dərk etmir. Halbuki bunlar məsuliyyətli və dərin jurnalistikanın əsas tərkib hissələridir. Bu səbəbdən Sİ kontent istehsalını dəstəkləyə bilər, amma son qərar və etik məsuliyyət yenə də jurnalistə məxsus olmalıdır. Jurnalistlər süni intellekti təhlükə kimi deyil, əməkdaşlıq vasitəsi kimi görməlidirlər. Əgər Sİ-dən düzgün istifadə olunsa, araşdırma prosesində, auditoriya analizində və ya kontentin təqdimatında jurnalistikanı həm daha effektiv, həm də daha maraqlı edə bilər. Amma insan faktoru, dürüstlük, empatiya və məsuliyyət bu peşənin mərkəzində həmişə qalacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az