- Müşahidə məntəqəsi
- 20:35
- 1 377
“Böyük şəhərlərdə taksi məhdudiyyəti normal praktikadır” -EKSPERT

“Bu limit gözlənilən idi. Taksi sayısına qoyulan məhdudiyyət demək olar ki, dünyanın bütün böyük şəhərlərində tətbiq olunur. Hətta bizdə bu say bir qədər çox müəyyənləşdirilib. Adətən 1000 nəfərə bir taksi düşür. İstanbul, London, Nyu-York və Paris kimi şəhərlərdə bu göstərici ən yaxşı halda 500 nəfərə bir taksidir. Bakıda təxminən 3 milyon əhali olduğuna görə, burada maksimum 6 min taksi fəaliyyət göstərməlidir. Hazırda isə 25 min limit qoyulub. Bu qərar taksi sahəsində aparılan islahatların məntiqi davamı olmaqla yanaşı, tıxac və sıxlığın azaldılması məqsədini daşıyır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə Bakıda taksi sayı 25 minlə məhdudlaşdırılıb. Ekspertlər hesab edirlər ki, bu, qiymət artımına və minlərlə sürücünün işsiz qalmasına səbəb ola bilər. Hətta gələcəkdə başqa ölkələrdə olduğu kimi taksometr tətbiqinin də tətbiq olunacağı ehtimal olunur.
Ekspert qeyd edib ki, taksilərin sayının artması şəhərdaxili hərəkətə mənfi təsir göstərir.
“Hazırda təxminən 25-30 min taksi fəaliyyət göstərir, yəni bu rəqəm limitə uyğundur. Kim fəaliyyətini dayandırarsa, onun yerinə yeni taksi əlavə olunmayacaq. Say 25 mindən aşağı düşərsə, növbəlilik prinsipi ilə yeni sürücülər qeydiyyata alınacaq. Bu, ədalətli yanaşmadır. Qərar sosial baxımdan da ciddi təsir göstərməyəcək. Kimsə işsiz qalmayacaq, heç kimdən lisenziya alınmayacaq. Əsas məqsəd şəhərdə avtomobillərin sayını azaltmaq və ictimai nəqliyyatı daha səmərəli etməkdir. Böyük şəhər şəraitində hər kəsin şəxsi avtomobildən istifadə etməsi problemi həll etmir. Yollar nə qədər genişləndirilsə də, tıxac qalacaq. Ona görə də əsas diqqət ictimai nəqliyyatın inkişafına, avtobus zolaqları və metro stansiyalarının sayının artırılmasına yönəldilməlidir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az