“Kredit mexanizmi işləyir, amma ödəmələrdə məsuliyyət vacibdir” - Qoşqar Məhərrəmov

“Tələbə kredit sistemi hazırkı mexanizmi ilə təhsildə imkanların bərabərləşməsini təmin edir və bu, qabaqcıl bir təcrübədir. Azərbaycanda uzun illər belə bir sistem olmayıb. Amma nəhayət, bu imkan tələbələrə verildi və onlar artıq bu imkandan faydalana bilirlər. Tələbələr ödənişsiz və ya ödənişli ali təhsil müəssisələrinə qəbul olsalar belə, dövlət tərəfindən verilən kreditlər vasitəsilə ödənişsiz təhsil alırlar. Sonradan əmək fəaliyyətinə başladıqda isə bu kreditləri geri ödəyirlər. Bu çox qabaqcıl bir təcrübədir və hazırda mənim işlədiyim ABŞ-da da eyni mexanizm bu formada fəaliyyət göstərir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.

Xatırladaq ki, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində Elm və Təhsil Nazirliyinin məlumatları əsasında təhsil sektorunda risklər təhlil olunub. Sənədə görə, təhsil tələbə kredit sistemində müraciətlərin və geri ödəniş gecikmələrinin artması iki əsas risk yaradır. Birinci risk fondun vəsaitlərinin tükənməsi və büdcədən əlavə maliyyə tələbidir. İkinci risk isə məzunların işsizlik və miqrasiya səbəbilə kreditləri gec ödəməsidir. Hər iki riskin reallaşma ehtimalı “tam mümkün”, təsiri isə “yüksək” dəyərləndirilir. Risklərin azaldılması üçün əlavə maliyyə mənbələrinin axtarılması, tələbələrin əmək bazarına inteqrasiyasının gücləndirilməsi və monitorinq sistemlərinin təkmilləşdirilməsi təklif olunur.

Ekspert qeyd edib ki, əgər bir şəxsin kredit borcu varsa və artıq problemli kredit statusundadırsa, ona müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

“Məsələn, həmin şəxsin ölkədən çıxışı məhdudlaşdırıla bilər və borcunu ödəməsi tələb olunur. Əgər şəxs iş tapa bilmirsə və əmək fəaliyyətinə qoşula bilmirsə, bu halda bank müəyyən müddət gözləməli və şəxsin iş tapmasını təmin etməlidir. Əgər iş tapa bilmirsə, bu daha geniş miqyaslı bir məsələdir və ölkə miqyasında, Nazirlik və universitetlər səviyyəsində müzakirə olunmalıdır. Burada əsas sual universitetlərin bazarın tələblərinə uyğun kadr hazırlaya bilməsi ilə bağlıdır. Kredit sistemi spesifik kontekstdə bərabərliyi təmin edir, amma ödəmə mexanizmi dəqiq işləməlidir. Əgər borclu şəxs işə başlayıbsa, kredit geri ödənişi onun maaşından tutulmalıdır. Əks halda, növbəti mərhələlərdə həmin şəxsin müəyyən məhdudiyyətlərlə üzləşməsi gözləniləndir. Müxtəlif təşviqedici mexanizmlər, endirimlər və stimullar da nəzərdə tutulub və bunlar gələcəkdə daha da təkmilləşdirilə bilər. Hazırda faiz dərəcələri nisbətən uyğundur — 6–7 faiz səviyyəsindədir, lakin 3–4 faizə endirilməsi mümkündür. Bununla belə, əsas məsələ faiz dərəcələrində deyil, borcun ödənilməməsi məsələsindədir. Ödəməmək problemi şəxsin məsuliyyətsizliyi və iş tapmaq çətinliyi ilə bağlıdır. Yəni sistem özü düzgün işləyir, problem borcunu ödəyə bilməyən və ya ödəmək istəməyən insanların məsuliyyətsizliyindədir. Faiz dərəcələri uyğun səviyyədədir və yalnız daha da endirilə bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az