Məzahir Məmmədli: “Tələbə kredit sistemi əvvəlcədən planlaşdırılmalı idi”

“Əslində, tələbələrə təhsil krediti ayrılmadan əvvəl bu prosesin strukturu əvvəlcədən düşünülməli idi. Yəni, öncə sual verilməlidir: bu kredit veriləndən sonra tələbələr əmək bazarında necə yerləşdiriləcək, onlara hansı iş imkanları təqdim olunacaq? Əgər bu məsələlər əvvəlcədən planlaşdırılmayıbsa, kreditin verilməsi tam effektiv olmayacaq. Hazırda göründüyü kimi, tələbə təhsil krediti bütün tələbələr üçün əlçatan deyil. Məsələn, ciddi ehtiyacı olan, amma ortalama balı müəyyən kriteriyalara cavab verməyən tələbələr bu imkandan yararlana bilmir. Əsas kriteriyalardan biri tələbənin ortalama balının ən azı 71 olmasıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına görə, tələbə kreditləri sahəsində iki əsas risk mövcuddur: fond vəsaitlərinin tükənməsi və məzunların işsizlik səbəbindən ödənişi gecikdirməsi. Hər iki risk “tam mümkün” və “yüksək təsirli” sayılır. Riskləri azaltmaq üçün əlavə maliyyə mənbələri, tələbələrin əmək bazarına inteqrasiyası və monitorinq sistemlərinin gücləndirilməsi tövsiyə olunur.

Ekspert qeyd edib ki, bu, bir çox imkanları məhdud tələbənin krediti əldə edə bilməməsi ilə nəticələnir.

"Bundan əlavə, kredit əldə edən tələbələr üçün də problem var: onlar məzun olduqdan sonra iş tapmaqda ciddi çətinliklərlə üzləşə bilərlər. Yəni, yalnız kreditin verilməsi kifayət deyil; tələbələrin əmək bazarında real imkanları təmin edilməli, onların peşə bacarıqları və işlə təmin olunması üçün əlavə dəstək mexanizmləri yaradılmalıdır. Nəticədə, bu məsələ yalnız sosial deyil, həm də iqtisadi aspektdən diqqətlə qiymətləndirilməlidir. Veriləcək pulların böyük hissəsi vəsait kimi xərclənəcək, amma əgər struktur düzgün qurulmayıbsa, həm tələbələr, həm də iqtisadiyyat üçün bu investisiya effektiv olmayacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az