“Hazır diplom işləri tələbələrin tənbəlliyini artırır” - Ramin Nurəliyev

“Sosial platformalarda, hətta müəyyən ödəniş müqabilində kurs işlərinin, diplom işlərinin və magistr işlərinin yazılması praktikası həm tələbələr, həm də bəzən ali təhsil müəssisəsini bitirmiş şəxslər tərəfindən həyata keçirilir. Bu sahədə belə yanaşmalar doğru deyil. Əslində, hər bir tələbə öz kurs işini, diplom işini və elmi işlərini özü yazmalıdır. Bu prosesin düzgün təşkil olunması və yoxlama mexanizmlərinin işləməsi ali təhsil müəssisəsi tərəfindən təmin olunmalıdır. Yəni, yazılan hər hansı kurs işi və ya diplom işi mütləq tələbənin özü tərəfindən yazılmalıdır və bu işin hazırlanması ali təhsil müəssisəsinin müəllimləri tərəfindən izlənilməlidir. Təəssüf ki, bəzi hallarda ali təhsil müəssisələrinin müəllimləri də müəyyən məvacib qarşılığında tələbələr üçün diplom işlərini yazırlar. Bu da tamamilə yanlış və qanunsuz bir yanaşmadır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, sosial mediada ödəniş qarşılığında kurs və diplom işləri təklif olunur – mütəxəssislər xəbərdarlıq edir: plagiat aşkarlanarsa, diplom ləğv edilə bilər.

Ekspertin sözlərinə görə, bəzi müəllimlər tələbələrə hazır mövzular verir və bu mövzuları müəyyən ödəniş qarşılığında təqdim edirlər.

"Bu cür halların olması tələbələrin tənbəlliyinə gətirib çıxarır və elmi işlərin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən ali təhsil müəssisələrinin rəhbərləri və müvafiq kafedralar bu sahədə ciddi nəzarət tədbirləri görməlidirlər. Əgər belə hallar aşkarlanarsa, həmin müəllimlər üçün disiplin tədbirləri görülməli və müvafiq tədbirlər tətbiq olunmalıdır. Tələbəyə verilən hər hansı bir elmi iş mütləq onun öz səyləri ilə yazılmalı, müdafiə mərhələsində tələbə işini müdafiə edərkən öz hazırlığını nümayiş etdirməlidir. Bununla yanaşı, tələbələrin özündə də müəyyən problemlər mövcuddur. Bəzi tələbələr tənbəllik səbəbi ilə elmi və diplom işlərini başqasına yazdırmaq istəyir, sosial platformalarda belə xidmətləri axtarırlar. Onlar düşünmürlər ki, elmi işin özü tərəfindən hazırlanması gələcək karyeralarına nə qədər müsbət təsir göstərəcək. Əgər tələbələr bu işin önəmini başa düşsələr, öz səyləri ilə işlərini yaza bilərlər. Xüsusilə magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr üçün bu daha vacibdir. Başqasının yazdığı iş onların akademik və peşə karyerasına ciddi mənfi təsir göstərə bilər. Əgər tələbə özü elmi işini yazsa, mövzu üzrə araşdırma aparsa, müvafiq mənbələrdən istifadə etsə, bu onun gələcək ixtisas sahəsində karyerasına müsbət təsir göstərəcək. Təəssüf ki, bəzi hallarda bu cür hallar müşahidə olunur və nəticədə tələbənin və ya gəncin karyerasına mənfi təsir göstərir. Ali təhsil müəssisələri rəhbərləri tələbələrin elmi işlərinin və diplom işlərinin yazılması prosesinə ciddi nəzarət etməli, tələbənin öz işini yazıb-yazmadığını müəyyənləşdirməlidirlər. Bu yoxlamalar yalnız müdafiə mərhələsində deyil, işin hazırlanma mərhələsində də aparılmalıdır. Məsələn, tələbənin hansı materialları topladığı, hansı mənbələrdən istifadə edəcəyi, işin hazırlanmasında hansı istiqamətləri izlədiyi mütəmadi olaraq izlənilməlidir. Əgər diplom işi yazılmasına üç ay müddət verilirsə, bu müddət ərzində tələbə 3-4 dəfə çağırılmalı və irəliləyiş yoxlanılmalıdır. Belə yoxlamalar tələbənin işini özü yazıb-yazmadığını ortaya çıxarır. Tələbə mövzu üzrə müvafiq araşdırma apardıqda, mənbələrdən istifadə etdikdə və müəllimlər tərəfindən bu mənbələr arşivləndikdə, işin kim tərəfindən hazırlandığı rahatlıqla müəyyənləşdirilə bilər. Bu yanaşma yalnız diplom işinin sonunda yox, yazılma mərhələsində də tətbiq edilməlidir. Nəticə etibarilə, tələbənin elmi və diplom işini özü yazması onun ixtisas sahəsində biliklərini artırır, gələcək akademik və peşə karyerasında müsbət təsir göstərir. Ali təhsil müəssisələri bu sahədə ciddi nəzarət mexanizmləri qurmalı, qanunsuz hallara yol verən müəllimlər və tələbələr üçün müvafiq tədbirlər görməlidirlər".

Rəfiqə Namazəliyeva,

AzNews.az