- Müşahidə məntəqəsi
- 20:06
- 1 767
“Plagiat faktı aşkarlansa, dissertasiya qəbul edilmir” - Ramil Süleymanov

“Akademik saxtakarlıq, yəni plagiat, yalnız müvafiq akademik yoxlama aparan qurum tərəfindən müəyyən edildikdə faktiki olaraq ortaya çıxır. Belə hallarda disertantın, elmi işçinin və ya magistrantın işi qəbul edilmir və ona müvafiq akademik dərəcənin verilməsindən imtina olunur. Bu yanaşma tələbənin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsini təmin etmək məqsədini daşıyır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.
Qeyd edək ki, son illər Azərbaycanda magistr və doktorant dissertasiyalarının pulla yazılması halları cəmiyyətin diqqətini çəkib. Mütəxəssislər bildirirlər ki, hazırkı qanunvericilikdə elmi saxtakarlığa qarşı konkret cəza mexanizmi mövcud deyil.
Hüquqşünas qeyd edib ki, bəzi hallarda şəxslər plagiatı gizlətməklə və ya müxtəlif üsullarla həyata keçirə bilirlər.
"Əgər bu niyyətinə nail olub saxtakarlığı gizlədə bilibsə, bu zaman həmin elmi işin əsl müəllif hüquqlarının pozulması problemi meydana çıxır. Bu halda, zərərçəkmiş şəxs müvafiq prokurorluq orqanlarına müraciət edə bilər, pozuntu baş verdikdən sonra işin yenidən yoxlanılmasını tələb edə və müəllif hüquqlarının pozulması nəticəsində dəyən maddi və mənəvi zərəri mülki qaydada tələb etmək hüququna malik olur. Beləliklə, akademik saxtakarlıq həm elmi etikaya ziddir, həm də qanuni məsuliyyət doğurur. Həm tələbələr, həm də elmi işçilər bu cür hallardan çəkindirməlidir, çünki plagiatın aşkar edilməsi yalnız şəxsin akademik dərəcəsinə təsir etmir, həm də hüquqi nəticələrə səbəb ola bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az