“Sosial şəbəkədə təhqir real hüquqi məsuliyyət yaradır” - Ramil Süleymanov

“Ümumiyyətlə, sosial şəbəkələrdə kimisə təhqir etmək, alçaldıcı və ya hörmətsizlik xarakterli ifadələr işlətmək, yaxud hər hansı şəxsin ünvanına böhtan xarakterli yazılar paylaşmaq kütləvi şəkildə yayılan hərəkət hesab olunur. Belə hallarda vətəndaş öz hüquqlarını müdafiə etmək üçün müəyyən addımlar ata bilər. İlk növbədə, təhqir xarakterli yazı və ya paylaşımın sübutları — məsələn, ekran görüntüləri (skrinlər) toplanmalıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.

Xatırladaq ki, son dövrlərdə sosial şəbəkələrin rəy bölmələrində təhqir və böhtan xarakterli yazıların sayı xeyli artıb. Bu halların əksəriyyəti saxta profillər və anonim hesablar vasitəsilə həyata keçirilir ki, bu da məsuliyyətin müəyyən edilməsini çətinləşdirir. Xüsusilə “TikTok” platformasında bu tendensiya daha qabarıq müşahidə olunur və istifadəçilər arasında zərərli, yanlış və təhqiramiz məlumatların sürətlə yayılmasına səbəb olur. Belə vəziyyət cəmiyyətdə həm etik normaların pozulmasına, həm də virtual məkanda hüquqi məsuliyyət məsələlərinin aktuallaşmasına gətirib çıxarır.

Hüquqşünas qeyd edib ki, daha sonra həmin paylaşımı edən şəxs və ya saxta profilin IP ünvanı müəyyənləşdirilməklə, təhqirin kim tərəfindən törədildiyini sübuta yetirmək mümkündür.

"Bundan sonra vətəndaş şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, həmin şəxsin məsuliyyətə cəlb olunmasını tələb edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir əməli törədən şəxs 1000 manatdan 1500 manata qədər cərimə və ya altı aya qədər müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Bu da göstərir ki, sosial şəbəkələrdə yazılan hər bir təhqir real hüquqi məsuliyyət doğurur".

Rəfiqə Namazəliyeva,

AzNews.az