- Müşahidə məntəqəsi
- 30 Oktyabr 21:21
- 1 341
“Küçə şəraitində satılan balıq insan sağlamlığı üçün ciddi riskdir” - Asim Vəliyev
“İllərdir ki, küçələrdə və məhəllə aralarında açıq şəkildə balıq satışına rast gəlirik. Balıq həm dadına, həm də sağlamlıq baxımından dəyərli qida hesab olunur. Zülallar, omeqa-3 yağ turşuları, A, D, E vitaminləri və minerallarla zəngin olan bu məhsul insan orqanizmi üçün mühüm əhəmiyyət daşıyır. Lakin balıq yüksək risk qrupuna aid qida məhsuludur, çünki tez xarab olur və saxlanma, satış zamanı xüsusi gigiyenik və temperatur tələblərinə əməl olunmadıqda sağlamlıq üçün təhlükə yaradır. Balıq məhsullarının təhlükəsizliyi yalnız istehsaldan satış nöqtəsinə qədər temperatur rejiminin pozulmadan qorunması halında təmin olunur. Təzə balıq 0–+4°C temperaturda saxlanıldıqda maksimum 1–2 gün ərzində təzə qalır. Dondurulmuş balıq isə –18°C-də saxlandıqda bir neçə ay keyfiyyətini itirmir. Satış zamanı balıq kölgəli və havalandırılan şəraitdə, üzəri buzla örtülü vəziyyətdə saxlanmalıdır. Buz əridikdə əmələ gələn su mütəmadi olaraq təmizlənməli, satıcılar isə təmiz geyimdə, əlcəkli və gigiyenik qaydalara riayət edərək işləməlidirlər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev bildirib.
Qeyd edək ki, son dövrlər Bakının müxtəlif küçə və bazarlarında balıq satıcılarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Əgər əvvəllər balıq əsasən supermarket və iri bazarlarda satılırdısa, indi demək olar ki, hər məhəllədə bu mənzərəyə rast gəlmək mümkündür. Bunu bəziləri mal ətinin bahalaşması ilə, digərləri isə insanların daha sağlam qidalanmağa – yəni balığa üstünlük verməsi ilə əlaqələndirirlər. Bununla belə, küçə şəraitində satılan balığın keyfiyyəti və təhlükəsizliyi barədə suallar açıq qalır.
Ekspertin sözlərinə görə, küçə şəraitində bu tələblərə əməl olunması, demək olar ki, mümkün deyil.
"Açıq havada temperatur dəyişkənliyi çox olur, günəş şüaları, toz, milçəklər və digər çirkləndiricilər məhsulun üzərinə düşür. Əksər hallarda soyutma sistemi yoxdur və ya düzgün işləmir. Temperatur və gigiyena qaydaları pozulduqda balıqda mikrobioloji, kimyəvi və fiziki dəyişikliklər baş verir. Zülallarla zəngin olan balıq toxuması mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaradır. İsti şəraitdə salmonella, vibrio və E. coli kimi bakteriyalar sürətlə çoxalır, zəhərli maddələr əmələ gətirir. Bu toksinlər istiliyə davamlı ola bilər və insanlarda ciddi qida zəhərlənməsinə səbəb olur. Temperatur yüksəldikdə balıq ətindəki zülallar parçalanır, nəticədə ammiak, hidrogen sulfid və trimetilamin kimi birləşmələr yaranır. Bu maddələr balığa kəskin, xoşagəlməz qoxu verir və onun yararsız hala düşdüyünü göstərir. Həmçinin, omeqa-3 yağ turşuları oksigen və günəş işığı təsirində tez oksidləşir, bu isə balığın həm dadını, həm də qida dəyərini azaldır, bəzən toksik təsir də göstərə bilir. Təhlükəsiz şəraitdə saxlanmayan balığın xarici görünüşü də dəyişir: gözləri bulanıqlaşır, pulcuqları asanlıqla qopur, ətinin elastikliyi itir, rəngi boz və tutqun olur. Bu əlamətlər balığın bioloji cəhətdən dağılmağa başladığını və insan sağlamlığı üçün təhlükəli hala gəldiyini göstərir".
Rəfiqə Namazəliyeva,
AzNews.az