“Məktəblərdə psixoloji xidmətin keyfiyyəti aşağıdır” - Məzahir Məmmədli

“Ümumtəhsil məktəblərində psixoloji dəstək sisteminin formalaşması və psixoloqların işinin tam şəkildə qurulması hələ tamamlanmayıb. Hazırda sertifikasiya prosesi psixoloqlar üçün tam başa çatmadığından, məktəblərdə ixtisaslı psixoloqların yetərli sayı təmin olunmayıb. Fənn müəllimləri artıq sertifikasiyadan keçib, lakin psixoloqlar sahəsində hələ də qeyri-ixtisaslı kadrların fəaliyyət göstərdiyi hallar müşahidə olunur. Bu, məktəblərdə psixoloji xidmətlərin keyfiyyətinə təsir edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Xatırladaq ki, gənclərin və şagirdlərin sosial inkişafı təhsilin yalnız akademik biliklərlə məhdudlaşmadığını göstərən əsas göstəricilərdən biridir. Son illərdə məktəblərdə aqressiv davranışlar, intizam pozuntuları və motivasiya çatışmazlığı halları artmaqda, şagirdlərin həm sosial bacarıqları, həm də psixoloji sağlamlığı təhsilin keyfiyyətinə birbaşa təsir göstərməkdədir. Bu kontekstdə, təhsil ekspertlərinin fikirləri şagirdlərin sosial inkişafının mövcud vəziyyəti, problemlərin səbəbləri və onların həlli yolları barədə daha dərin məlumat verir.

Ekspert qeyd edib ki, dövrün tələbləri dəyişib.

"Normativlərə görə, hər 1000 şagirdə müəyyən sayda psixoloq düşür, amma bu, məktəblərin bütün ehtiyaclarını tam şəkildə ödəyə bilmir. Psixoloqlar üçün xüsusi iş otaqları, lazımi alətlər, tədris materialları və resurslar hələ tam təmin edilməyib ki, bu da onların fəaliyyətinə əlavə çətinlik yaradır. Buna baxmayaraq, məktəblərdəki problemlərin yalnız psixoloqların çatışmazlığı ilə izah edilməsi doğru deyil. Cəmiyyətin ümumi aqressivləşməsi, sosial və siyasi vəziyyət də bu vəziyyətə təsir göstərir. Məktəblərdə bu aqressiya birbaşa şagirdlərin davranışına sirayət edir. Psixoloqlar da cəmiyyətin bir nümayəndəsi olduqları üçün, işlərini planlı və sistemli şəkildə qurmaqda müəyyən çətinliklərlə üzləşirlər. Buna görə də, psixoloji dəstək sahəsindəki inkişaf həm kadr təminatı, həm resursların yetərli olmaması, həm də cəmiyyətin mövcud sosial-iqtisadi vəziyyəti ilə bağlı kompleks məsələdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az