“Erkən nikahın qarşısının alınması üçün qanun və maarifləndirmə yetərli deyil” – Hüseyn İbrahimov

"Ölkəmizdə erkən nikahların qarşısının alınması üçün kifayət qədər mövcud qanunvericilik bazası fəaliyyət göstərir və bu qanunvericilik həm nikaha daxil olanların, həm də qızların yaş həddini müəyyən edir. Qanunvericiliyə əlavə və dəyişikliklər də mövcuddur ki, bu, erkən nikah hallarının qarşısının alınmasını daha da gücləndirir. Xüsusilə qanunvericilikdə yaxın qohumlar arasında nikahın qadağan edilməsi ilə bağlı dəyişikliklər aparılıb. Aparılan təhlillər göstərirdi ki, erkən nikah hallarının çoxu qohumlar və qohum ailələr arasında baş verir. Ümumilikdə isə erkən nikahın qarşısının alınması üçün qanunvericilik bazasının mövcudluğu ilə yanaşı, dövlət orqanları da fəal şəkildə fəaliyyət göstərir. Bunlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və onun yerli nümayəndəlikləri, icra hakimiyyəti orqanları və digər müvafiq qurumlar daxildir".

Bu fikirləri AzNews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, son dövrlərdə azyaşlıların nişanlanması və erkən yaşda evləndirilməsi ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzən bu halların qarşısı vaxtında alınsa da, çox vaxt proses gizli şəkildə baş verir və nəticədə qız uşaqları təhsil imkanlarından, uşaqlıq dövründən və azad seçim hüququndan məhrum olurlar. Bu yalnız fərdi faciə deyil, həm də cəmiyyətin sosial inkişafına, qadınların roluna və gələcək nəsillərin sağlam formalaşmasına ciddi təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, erkən nikah hallarının qarşısını almaq üçün ailələrin maarifləndirilməsi, hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi və ictimai qınağın artırılması vacibdir. Əks halda, bu problemin kökü aradan qalxmayacaq və gələcəkdə gənc qızlar eyni aqibətlə üzləşməyə davam edəcəklər.

Sosioloq qeyd edib ki, bütün bunlara baxmayaraq, cəmiyyətdə erkən nikah halları hələ də davam edir.

"Bu hallar bəzən ailələr tərəfindən gizli şəkildə həyata keçirilir. Çox zaman bu, uşaqların məktəbdən yayındırılması ilə bağlıdır; regionlarda uşaqlar məktəblərə getmirlər və ailələr bu məhdudiyyətləri tətbiq edir. Daha bir problem ondan ibarətdir ki, bəzi ailələr qanunu pozaraq yaxın qohumlar arasında nikah münasibətləri qurmadan ailə münasibətləri qururlar. Nəticədə azyaşlıların qeyri-leqal şəkildə ailə qurması hallarına rast gəlinir. Bu, yalnız cəmiyyət üçün deyil, uşaqlar üçün də psixoloji və sosial problemlərə səbəb olur. Bəzən bu cür ailələr sonradan rəsmi nikah bağlayır, bəzən isə bir və ya iki uşaq sahibi olurlar. Hazırda qanunvericilik bu sahədə kifayət qədər irəliləyişlər əldə edib, xüsusən də Ailə Məcəlləsi və ona edilmiş əlavə və dəyişikliklər sayəsində nikahın qeydiyyatı, elektron sistem vasitəsilə dərhal həyata keçirilir. Bununla da, yaş həddi çatmamış şəxslərlə nikah qurulması halları, həm qanunvericiliyin, həm də sosial məsuliyyətin tələblərinə uyğun olaraq nəzarət altına alınır. Buna baxmayaraq, bəzi ailələr hələ də yetkinlik yaşına çatmamış uşaqların ailə qurmasına razılıq verir. Bu hallara, əsasən, regionlarda və xarici ölkələrdə yaşayan miqrantlar arasında rast gəlinir. Miqrantlar bəzən ailə quraraq, ailə qurduğu şəxsi başqa ölkəyə aparırlar və orada yaşayırlar. Bu vəziyyət, qanun və sosial normalar baxımından problemlər yaradır. Qohumlar arasında nikahın qadağan edilməsi qanunu əhalinin və gen fonunun gələcək inkişafı üçün çox əhəmiyyətlidir. Təəssüf ki, bəzi ailələr qanunu pozaraq, yetkinlik yaşına çatmamış qızların ailə qurmasına razılıq verirlər. Bu, həm qanun, həm də sosial baxımdan ciddi problemlər yaradır. Bu halların əsas səbəblərindən biri patriarxal adətlərdir. Bu ənənələr cəmiyyət tərəfindən uzun illər ərzində qəbul olunub. Patriarxal adətlər bir çox ölkələrdə mövcuddur və onların müasirləşmənin mənfi stereotipləri ilə qarşılıqlı təsiri nəticəsində erkən nikah hallarının baş verməsinə şərait yaradır. Hətta inkişaf etmiş və sivil cəmiyyətlərdə də azyaşlı qızların qeyri-rəsmi şəkildə ailə qurması halları müşahidə olunur. Bu cür hallarda uşaqların şəxsi azadlıqları məhdudlaşır və gələcəkdə ailə və uşaq problemləri yaranır. Bu vəziyyətin qarşısının alınması üçün cəmiyyətdə maarifləndirmə prosesi daim aparılmalıdır. Xüsusilə yetkinlik yaşına çatmış şəxslərin hüquqları, nikah və ailə münasibətləri barədə təbliğat işləri gücləndirilməli, sosial institutların sayı artırılmalı və bu qurumlar digər dövlət strukturları ilə statistik məlumatları müntəzəm paylaşmalıdır. Bu yanaşma, erkən nikah hallarının qarşısının alınmasını təmin etmək və gələcək nəsillərin sağlam formalaşmasını dəstəkləmək üçün vacibdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az