- Müşahidə məntəqəsi
- 12 Noyabr 22:26
- 2 191
İran artıq su böhranı yaşayır, Azərbaycan da ehtiyatlı olmalıdır” - Sadiq Həsənov
“İran su ehtiyatları son dərəcə məhdud olan ölkələrdən biridir. Ölkə əsasən quru iqlimə malikdir, ərazisinin böyük hissəsi dağlıqdır və su ehtiyatları çox azdır. Qarun çayından başqa, İranda iri çay demək olar ki, yoxdur. Yalnız Araz çayı Azərbaycanın sərhədləri boyunca axır. Ümumilikdə, İranın su ehtiyatları olduqca məhduddur. Ölkədə suyun əsas mənbələrini yeraltı quyular təşkil edir. İranda təxminən 26 minə yaxın belə mənbə mövcuddur və bu suyun təxminən 90 faizi kənd təsərrüfatında istifadə olunur. Kənd təsərrüfatı isə hələ də köhnə model üzərində qurulub. Suvarma sistemi müasir tələblərə cavab vermir, arxlar əsasən torpaqdan düzəldilib, beton kanallar çox azdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
Qeyd edək ki, İranda quraqlıq səbəbindən paytaxt sakinlərinin köçürülməsi bir sıra vacib məsələləri gündəmə çıxarıb. Hadisə göstərir ki, su qıtlığı təkcə Tehranla məhdudlaşmır və region ölkələri üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Ekspertlər bildirirlər ki, Azərbaycan da oxşar risklərlə üzləşə bilər. Son illərdə yağıntıların azalması və qarın demək olar ki, yağmaması Kür çayında su səviyyəsinin aşağı düşməsinə səbəb olub. Bu vəziyyət xüsusilə Bakının içməli su təchizatına mənfi təsir göstərir. Məlumata görə, bəzi ərazilərdə artıq içməli su fasilələrlə verilir. Həmçinin, Oğuz-Qəbələ-Bakı su kəmərində də axının azalması müşahidə olunur.
Ekoloq qeyd edib ki, bu səbəbdən su itkiləri yüksəkdir və suvarma sistemində ciddi problemlər müşahidə olunur.
"Son illərdə İranın bəzi vilayətlərində, xüsusilə Xuzistan və digər bölgələrdə su qıtlığına görə etirazlar, hətta hökumətə qarşı üsyanlar baş verib. Bunun əsas səbəbi ölkədə su ehtiyatlarının son dərəcə məhdud olmasıdır. Xüsusilə İranın cənub hissəsində bu problem daha da kəskindir. Məsələn, ölkənin ən iri göllərindən biri olan Urmiya gölü də artıq su çatışmazlığı ucbatından təhlükə altındadır. İranın böyük çayları arasında Araz çayı da mühüm yer tutur. Lakin bu çay transsərhəd xarakter daşıyır və onun sularının bir hissəsi Azərbaycanın payına düşür. İranın çay sistemi Avropanın iri çayları — məsələn, Volqa və ya Reyn kimi — ilə müqayisədə xeyli zəifdir. Buna görə də ölkə tarixən su qıtlığı ilə üzləşib. Hazırda iqlimin getdikcə daha quraqlaşması və yağışların azalması nəticəsində İranın bir çox şəhərlərində içməli su çatışmazlığı açıq şəkildə hiss olunur. İnsanlar bəzən içməli su tapmaqda çətinlik çəkirlər. Ölkə əsasən yağıntılardan toplanan suya, çaylardan gələn axıntılara və yeraltı su anbarlarına əsaslanır. İqlim dəyişiklikləri, suya olan tələbatın artması və əhalinin sayının çoxalması İranın bu sahədəki vəziyyətini daha da ağırlaşdırıb. Tədqiqatlara görə, iqlim dəyişiklikləri nəticəsində ölkənin su ehtiyatları təxminən 10 faiz azalıb. Əhalisi 80 milyondan çox olan İran, xüsusilə cənub və mərkəzi bölgələrdə quraq iqlimə malik olduğundan su problemi indi artıq strateji xarakter daşıyır. Müqayisə üçün, Azərbaycanın su ehtiyatları nisbətən daha əlverişlidir. Bizim iki əsas çayımız — Kür və Araz — transsərhəd çaylardır və onların sularından müəyyən dərəcədə istifadə etmək mümkündür. Son illərdə kənd təsərrüfatında müəyyən modernləşmə baş versə də, hələ tam şəkildə müasir sistemə keçid tamamlanmayıb. Bu səbəbdən su itkiləri hələ də çoxdur: suvarmada itki səviyyəsi 50 faizə, içməli suda isə 36–40 faizə qədər yüksəlir. Əgər bu sızmalar aradan qaldırılsa və insanlar suya daha qənaətlə yanaşsalar, Azərbaycanın mövcud su ehtiyatları həm əhalinin, həm də kənd təsərrüfatının tələbatını ödəyə bilər. Bundan əlavə, ölkənin yeraltı su ehtiyatları da mövcuddur. Onların həcmi təxminən 8–12 milyard kubmetr civarındadır. Ümumi su ehtiyatlarımız isə yeraltı sular da daxil olmaqla, təxminən 30 milyard kubmetr təşkil edir. Nəticə etibarilə, İranla müqayisədə Azərbaycanın su ehtiyatları daha əlverişlidir. Sadəcə, bu resurslardan səmərəli və planlı şəkildə istifadə olunarsa, biz İran kimi ciddi su böhranı ilə üzləşmərik".
Rəfiqə Namazəliyeva,
AzNews.az