“Himayədar ailələr qızları daha az riskli hesab edir” - Nailə İsmayılova

"Azərbaycan cəmiyyətində və ümumiyyətlə patriarxal toplumlarda qız uşaqları oğlanlara nisbətən daha sakit, düşdüyü mühitə daha tez uyğunlaşan, bir sözlə, “problemsiz” kimi qəbul olunur. Eyni zamanda davranış baxımından daha idarəolunan sayılırlar. Oğlan uşaqlarına isə daha çox “riskli”, “çətin tərbiyə olunan”, gələcəkdə sosial problemlər yarada bilən fərdlər kimi yanaşılır. Təbii ki, bu cür stereotiplər himayədar ailələrin seçimlərinə birbaşa təsir göstərir. Digər mühüm nüans isə cəmiyyətdə qız uşağını “qoruma” faktorunun mövcudluğudur. Belə ki, geniş yayılmış düşüncəyə görə qız uşağı qorunmalı, ailəsiz qalmamalı, himayəsiz qaldıqda isə təhlükə altında ola bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib.

Qeyd edək ki, mövcud rəsmi statistika himayədar ailə modelində gender baxımından müəyyən disbalansın olduğunu göstərir. Belə ki, himayədar ailələrə verilən uşaqlar arasında qızların sayı oğlanlara nisbətən daha çoxdur. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ötən dövrdə 60 uşaq himayədar ailələrə verilib ki, onların 36-sı qız, 24-ü isə oğlandır. Bu göstəricilər təsadüfi seçimdən daha çox, sosial yanaşmaların və cəmiyyətdə formalaşmış stereotiplərin nəticəsi kimi qiymətləndirilir. Statistik mənzərə himayədar ailə institutunun tətbiqində gender faktorunun mühüm rol oynadığını və oğlan uşaqlarının ailə əsaslı qayğıdan nisbətən daha az faydalandığını ortaya qoyur.

Sosioloq qeyd edib ki, bu yanaşma fonunda qız uşaqlarının himayədar ailələrə verilməsi bir növ mənəvi borc kimi legitimləşdirilir.

"Nəticədə isə oğlan uşaqlarının internat və digər dövlət uşaq müəssisələrinə yönləndirilməsi daha çox müşahidə olunur. Himayədar ailələr çox vaxt hüquqi risklərdən, gələcəkdə yarana biləcək neqativ hallardan, davranış və adaptasiya problemlərindən, eləcə də cəmiyyətin qınağına məruz qalmaqdan çəkinirlər. Məhz bu kontekstdə qız uşaqları daha az riskli sosial fərd kimi qiymətləndirilir. Nəticə etibarilə oğlanlara nisbətən qızların himayədar ailələr tərəfindən daha çox seçildiyini görürük. Sosioloji baxımdan bu statistika onu göstərir ki, oğlan uşaqları emosional qayğıdan və ailə mühitindən daha çox məhrum qalırlar. Azərbaycan cəmiyyətində himayədar ailə anlayışı hələ keçid mərhələsindədir və bu, cəmiyyətin institusional qayğıdan ailə əsaslı qayğıya transformasiya prosesində olduğunu göstərir. Hazırda himayədar ailə modeli cəmiyyətdə hələ də daha çox öz uşağı olmayanların son çıxış yolu və ya xeyriyyəçilik forması kimi qəbul edilir. Halbuki sosioloji baxımdan bu, tam hüquqlu valideynlik formasıdır. Təəssüf ki, bir çox ailə hüquqi mexanizmlər barədə yetərli məlumata malik olmadığından uşağın geri alınacağı qorxusu ilə yaşayır. Lakin nəzərə almaq lazımdır ki, himayədar ailə institutu hüquqi cəhətdən qorunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az