“Qarşılıqlı tanınan universitetlər üçün proses sadələşdirilməlidir” - Məzahir Məmmədli

“Hər il qəbul imtahanından sonra kütləvi axınlar başlayır. Bu axın yaxın qonşu ölkələrə, xüsusilə Türkiyəyə, hətta əvvəllər Ukraynaya yönəlmişdi, amma hazırda oradakı müharibəyə görə dayandırılıb. Amma bu axının qarşısını almaq üçün birincisi, Azərbaycanda hələ imkanlar tükənməyib. Qəbul qaydaları bir qədər sadələşdirilsə, bu axın yaranmaz. Xaricdə, xüsusilə Türkiyə, Gürcüstan və Ukraynada təhsil alıb gəlmiş şəxslərin diplomlarının tanınmaması məsələsində isə müəyyən subyektiv yanaşmalar var. Məsələn, Türkiyədə ali təhsil almış hər kəs, istər attestatla, istər attestatsız qəbul olunmasından asılı olmayaraq, universitet proqramını tam mənimsəmədən diplom ala bilməz. O baxımdan, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bəyanatı ilə razılaşmıram ki, atestatla oxuyanların hamısı ölkəyə yaxşı nəticələrlə qayıtmırlar. Fərqli ölkələrdə, məsələn, Gürcüstan, Rusiya və ya Ukraynada bəzi şəxslər vasitələr tapıb diplom ala bilirlər. Amma Türkiyə və hətta Kiprdə təhsil almış şəxslərin diplomları attestatla qəbul olunanlarla müqayisədə Azərbaycan universitetlərinin nəticələrindən geri qalmır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Xatırladaq ki, attestatla ali təhsil müəssisəsinə qəbul olan və heç bir qiymətləndirmədən keçməyən şəxslərin təhsil və peşə taleyi əksər hallarda mənfi olur. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair brifinqdə bildirib. O qeyd edib ki, bu şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir: “Onların bir qismi təhsil aldıqları ali məktəbin tədris dilini və ixtisasının adını düzgün ifadə edə bilmir. Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə attestatla qəbul həyata keçirən ali təhsil müəssisələri mövcuddur. Bu, mərkəzləşdirilmiş imtahanlarda uğur qazanmayan vətəndaşlarımız üçün müəyyən imkan yaradır. Lakin biz bu diplomların hamısını birmənalı şəkildə tanınır və ya tanınmır deyə qiymətləndirə bilmərik.”

Ekspert qeyd edib ki, həm ixtisası mənimsəmək, həm də Azərbaycan əmək bazarına uyğun kadr olmaq baxımından onlar kifayət qədər yetərlidirlər.

"Ukrayna, Gürcüstan və Rusiya kimi ölkələrdə təhsil alıb gələnlərin diplomlarını tanımamaq daha çox oradakı təcrübədən qaynaqlanır. Bunun qarşısını almaq üçün bir mexanizm mövcuddur. Azərbaycandan universitetlərə daxil olmağı asanlaşdırmaq, amma məzun olmağı çətinləşdirmək lazımdır. Təhsilin səviyyəsi belə qurulmalıdır ki, bakalavr normaları ödəyə bilmirsə və kursu tam mənimsəmirsə, digər kurslara keçməsin. Əks halda, sadələşdirilmiş sistemlə insanlar xaricdə pul xərcləyib diplom alacaq, amma ölkədə tanınmayacaq. Bundan əlavə, Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyi indiki yüksək təhsil verən universitetlərin diplomlarını tanımaq üçün eyni şərtləri tətbiq etməlidir. Məsələn, kimsə Oxford və ya Cambridge-də oxuyub gəlirsə, burada onun diplomu təhsil keyfiyyətinə uyğun yoxlanılmalıdır. Bu, ədalətli və düzgün yanaşmadır. Adı məşhur olan universitetlərin diplomlarının yenidən yoxlanılması və dövlət müvafiq mərkəzində tanınma prosesi əslində gülüncdür. Keçmişdə passiv olan ölkələrdə diplomların verilməsi ilə bağlı problemlər məlumdur. Onları yoxlamaq və ya tanımaq mümkündür. Amma qarşılıqlı tanınan universitetlər arasında bu qədər mürəkkəbləşdirməyə ehtiyac yoxdur".

Rəfiqə Namazəliyeva,

AzNews.az