- Müşahidə məntəqəsi
- 18:32
- 1 546
“Daha balanslı qəbul modeli lazımdır” - Ramin Nurəliyev
"Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanlarında abituriyentlər 5–6 fənn üzrə imtahan verirlər. Yəni, 11-ci sinif şagirdlərindən eyni vaxtda 5-6 fənn üzrə yüksək nəticə tələb olunur. Bu isə abituriyent üçün olduqca çətin bir prosesdir. Məsələ ondadır ki, sertifikasiya imtahanlarında öz ixtisası üzrə minlərlə müəllim kəsildiyi halda, biz orta məktəbi yenicə bitirən şagirddən 5–6 fənn üzrə, bütün mövzuları əhatə edən qəbul imtahanında yüksək nəticə gözləyirik. Bu yanaşma nə pedaqoji, nə də psixoloji baxımdan əsaslandırıla bilər. Reallıq ondan ibarətdir ki, yuxarı sinif şagirdləri və onların valideynləri bu prosesdə ciddi əziyyət çəkirlər. Birincisi, maliyyə baxımından repetitor xərcləri ailələr üçün böyük yükə çevrilir. İkincisi isə, uşaqların demək olar ki, istirahət vaxtı qalmır. Bir hazırlıqdan çıxıb digərinə gedən abituriyentlər həm fiziki, həm də psixoloji cəhətdən yorulurlar".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, son zamanlar təhsil ictimaiyyətində və ekspert dairələrində belə bir fikir tez-tez səsləndirilir ki, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanlarında fənlərin sayını azaltmalı, eyni zamanda sualların çətinlik səviyyəsini daha da sadələşdirməlidir. Bu yanaşmanın əsas məqsədi abituriyentlər üzərindəki psixoloji yükü azaltmaq, imtahan prosesini daha anlaşılan və ədalətli etmək, həmçinin orta təhsil proqramı ilə qəbul imtahanları arasındakı uyğunsuzluğu minimuma endirməkdir.
Ekspert qeyd edib ki, bu problemin aradan qaldırılması üçün müəyyən tənzimləyici mexanizmlər tətbiq edilməlidir.
"Burada əsas iki yol var: ya fənlərin sayı azaldılmalı, ya da sualların çətinlik səviyyəsi aşağı salınmalıdır. Əgər suallar asanlaşdırılarsa, bu zaman abituriyentlərin topladığı ballar təbii olaraq artacaq. Burada qorxulu heç nə yoxdur. Onsuz da dövlət tərəfindən ayrılan plan yerləri istər 60 min, istərsə də 65 min olsun dolacaq. Fərq yalnız ondadır ki, ali məktəbə qəbul olunan sonuncu abituriyentin balı 150 deyil, 280–350 aralığında olacaq. Bu isə həm ixtisasların nüfuzunu artırar, həm də cəmiyyətdə qəbul prosesinə münasibəti dəyişər. 150 balla universitetə qəbul olunmağın gülüş obyektinə çevrilməsi nə təhsil sisteminə, nə də həmin gəncin psixologiyasına müsbət təsir göstərir. Halbuki sualların çətinliyi azaldılarsa, daha yüksək ballarla qəbul mümkün olar və bu, ailədaxili gərginliyi də xeyli azaldar. Çünki aşağı bal toplayan abituriyent valideynin çəkdiyi maddi və mənəvi əziyyət fonunda evdə narazılıq və psixoloji gərginlik yaradır. Beynəlxalq təcrübəyə baxdıqda isə görürük ki, əksər ölkələrdə ali təhsil müəssisələrinə qəbul prosesi asanlaşdırılıb, əvəzində universitetdə oxumaq daha çətinləşdirilib. Məsələn, SAT imtahanında əsasən riyaziyyat-məntiq və ingilis dili qiymətləndirilir və bu nəticələrlə dünyanın aparıcı universitetlərinə qəbul olmaq mümkündür. Eyni yanaşma IELTS üçün də keçərlidir. Bu halda sual yaranır: bizdə niyə qəbul imtahanları 5–6 fənn üzrə keçirilməlidir? Bu həddindən artıq ağır yükdür. Mühəndisliyə, iqtisadiyyata, turizmə və ya tibbə qəbul olmaq üçün bütün ixtisas fənlərini orta məktəbdə öyrənmək tələbi beynəlxalq praktikaya uyğun deyil. Axı ixtisas üzrə kadr hazırlığı Dövlət İmtahan Mərkəzinin yox, ali təhsil müəssisələrinin funksiyasıdır. Universitetlər mövcuddur ki, tələbəyə peşəni öyrətsin. Orta məktəb məzunundan mühəndis, həkim və ya hüquqşünas bilikləri tələb etmək yanlışdır. Bu səbəbdən qəbul prosesində ixtisas fənnlərinin həddindən artıq detallı şəkildə yoxlanılması məqsədəuyğun deyil. Digər tərəfdən, mövzuların da həddindən artıq geniş olması abituriyentlər üçün əlavə yük yaradır. Dünya tarixi, müxtəlif ölkələrin coğrafiyası kimi mövzuların qəbul imtahanlarında geniş şəkildə yer alması şagirdlərin yükünü daha da artırır. Əvəzində Azərbaycan tarixi, ədəbiyyatı və coğrafiyası üzrə daha yığcam və məqsədyönlü yanaşma tətbiq oluna bilər. Nəticə etibarilə, fənlərin və mövzuların sayı nə qədər çox, suallar nə qədər çətin olarsa, abituriyentlərin yorğunluğu bir o qədər artacaq. Bu isə onların ali məktəbə qəbul olduqdan sonra təhsilə olan marağını və enerjisini azaldır. Hesab edirəm ki, abituriyentlərin üzərindəki yük mütləq şəkildə azaldılmalıdır. Daha dar, daha məqsədli proqram və daha balanslı qəbul modeli həm balların yüksəlməsinə, həm psixoloji gərginliyin azalmasına, həm də ali təhsilin keyfiyyətinin artmasına xidmət edər".
Rəfiqə Namazəliyeva,
AzNews.az