Azər Həsrət: Xaricdə hər azərbaycanlı dövləti təmsil edir

"Təəssüf ki, bəzən soydaşlarımız getdikləri ölkələrdə özlərini uyğun şəkildə aparmır, bununla da həm millətin, həm də təmsil etdikləri dövlətin nüfuzuna zərər vururlar. Eyni zamanda bu cür davranışlar müxtəlif problemlərin yaranmasına səbəb olur. Halbuki durduqları yerdə heç kimə qarşı səbəbsiz şəkildə sərt tədbirlər görülmür. Mən bunu çox ölkə gəzmiş bir insan kimi deyirəm. İnsan qanunlar çərçivəsində davrandıqda, ona heç yerdə, heç kim problem yaratmır. Xüsusilə söhbət Avropa ölkələrindən və sosial-iqtisadi baxımdan yüksək inkişaf etmiş dövlətlərdən gedirsə, orada hüquqi çərçivəyə əməl edən şəxsin hər hansı çətinliklə üzləşməsi mümkün deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Monteneqro hökumətinin qərarına əsasən, 2026-cı ilin 15 yanvar tarixindən etibarən Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq olunacaq. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif iddialar səslənir. Belə ki, son aylarda Monteneqroda yerli əhali ilə baş verən insidentlərdə azərbaycanlıların da iştirak etməsi diqqət çəkir. İddialara görə, məhz bu cür hallar vizasız rejimin ləğvinə səbəb olmuş ola bilər.

Siyasi şərhçi qeyd edib ki, bəzi ölkələrin ictimaiyyəti miqrantların davranışlarından narahatdır.

"Onlar görürlər ki, müəyyən miqrant qrupları yerli qanun və qaydalara riayət etmir, cinayətkarlığa meyil göstərir və ictimai asayişi pozur. Bu isə təbii olaraq ictimai narazılıq yaradır və hökumətlər də öz vətəndaşlarının tələblərinə uyğun şəkildə daha sərt qərarlar qəbul etməyə məcbur qalırlar. Bu, yeni və ya ilk təcrübə deyil. Oxşar praktikalara digər ölkələrdə də rast gəlinir. Son illərdə isə bu sahədə ən çox diqqət çəkən nümunələrdən biri ABŞ-də tətbiq olunan siyasətdir. Miqrantlarla bağlı qaydalar sərtləşdirilib, xüsusilə də “yaşıl kart”, vətəndaşlıq və lotereya mexanizmləri ilə bağlı ABŞ prezidenti Donald Trampın qərarları geniş rezonans doğurub. Məqsəd ölkəyə nəzarətsiz miqrasiya axınının qarşısını almaqdır. Hətta turist kimi gəlmək istəyənlər üçün belə müəyyən məhdudiyyətlər tətbiq olunur ki, hər kəs gəlib ölkədəki sakit və təhlükəsiz həyat tərzini poza bilməsin. Bu baxımdan məsələni bəhanə kimi qiymətləndirmək düzgün olmaz. Çünki Azərbaycanla Monteneqro arasında hər hansı siyasi qarşıdurma və ya gərgin münasibət müşahidə olunmayıb. Deməli, viza məsələsi konkret əməllər və davranışlarla bağlıdır. Məhz bu cür məsuliyyətsiz davranışlar nəticəsində bəzi özünü dərk etməyən şəxslər bütün milləti pis vəziyyətdə qoyur. Halbuki hər bir vətəndaş xarici ölkəyə gedərkən unutmamalıdır ki, o, eyni zamanda öz dövlətini və xalqını da təmsil edir. Orada bizə göstərilən münasibət birbaşa davranışlarımızdan asılıdır. Biz elə davranmalıyıq ki, Azərbaycan və azərbaycanlılar haqqında müsbət rəy formalaşsın. Təəssüf ki, bəzən maddi imkanı yüksək, lakin davranış mədəniyyəti zəif olan şəxslər, o cümlədən bəzi məmur övladları xarici ölkələrdə yolverilməz hərəkətləri ilə ölkəmizi nüfuzdan salırlar. Pulun olması hər zaman mədəniyyət, tərbiyə və əxlaqın göstəricisi deyil. Məhz bu keyfiyyətlər çatışmadıqda, nəticədə zərbə təkcə fərdin özünə yox, bütövlükdə Azərbaycana dəyir".

Rəfiqə Namazəliyeva,

AzNews.az