- Müşahidə məntəqəsi
- 21:52
- 2 032
“Sosial şəbəkələr şayiələrin təsir dairəsini genişləndirir” - Hüseyn İbrahimov
"Rəqəmsal dövr insanların həyatını xeyli dərəcədə dəyişib. Sosial şəbəkələr və müxtəlif informasiya vasitələrinin ötürdüyü məlumatlar, həmçinin məlumatların bolluğu və bir platformadan digərinə ötürülməsi, məlumatın sürətlə yayılmasına səbəb olur. Bu, şayiələrin yayılma formalarından biridir. Əvvəllər şayiələr daha çox şəxsdən şəxsə ötürülürdü və sürəti indiki dövrə nisbətən zəif idi. Amma bu günlər rəqəmsal dövrün təsiri ilə şayiələr artıq dildən-ağıza deyil, sosial şəbəkə platformalarından yayılmağa başlayır. Bunun nəticəsində şayiələrin yayılma sürəti və təsir dairəsi xeyli genişlənir. Eyni zamanda, məlumatı eşidən və qavrayan insanların sayı qısamüddətli zamanda sürətlə artır və şayiə məlumatlığı fərqləri çox qısa zamanda artmaq imkanı əldə edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Xatırladaq ki, rəqəmsal dövr insanların həyat tərzini kökündən dəyişib. Sosial şəbəkələr, xəbər portalları və mesajlaşma platformaları sayəsində məlumat saniyələr ərzində yayıla bilir. Lakin sürətli informasiya axını bəzən cəmiyyət üçün problemə çevrilir: yanlış və qismən doğru məlumat sosial davranışa ciddi təsir göstərə, stereotipləri gücləndirə və etimad sistemini zəiflədə bilər. Bu baxımdan, “informasiya səmərəliliyi və yanlış məlumatın sosial nəticələri” mövzusu xüsusilə aktuallıq kəsb edir.
Sosioloq qeyd edib ki, bütün bunlar göstərir ki, informasiya səmərəliliyi, yanlış məlumatların yayılması və bunun sosial nəticələri baxımından ciddi diqqət və tədbirlər zəruridir.
"Ümumiyyətlə, şayiələr hər zaman və hər bir cəmiyyətdə mövcud olub. Amma indiki dövrdə sosial şəbəkə platformalarının və onların istifadəçilərinin çoxluğu, həmçinin fərqli platformaların istifadəsi şayiələrin sürətli yayılmasını xeyli asanlaşdırır. Məsələn, ABŞ-da Twitter daha aktual və ciddi bir platforma kimi qəbul edilir. Bizim ölkədə isə insanlar həm Twitter, həm Facebook, WhatsApp, həmçinin Instagram və digər sosial şəbəkələrdən istifadə edirlər. Eyni istifadəçi bəzən bir və ya bir neçə sosial şəbəkədə informasiya yayılması prosesində iştirak edə bilər. Rəqəmsal dövrdə məlumatların sürətli yayılması cəmiyyətin orientasiyasına, mikrostrukturuna və makrostrukturuna təsirsiz ötüşmür. Bu təsirlər qaçılmazdır və həm pozitiv, həm də neqativ ola bilər. Təəssüf ki, əsası olmayan, reallığa söykənməyən şayiələrin digər məlumatlardan daha sürətlə yayıldığı müşahidə olunur. Belə şayiələr fərdin və ya qrupun şəxsi həyatı, onun görünən və görünməyən vəziyyəti haqqında çox qısa zamanda yayıla bilir. Bu səbəbdən cəmiyyətdə sosial şəbəkələrdə diyaloq mühitinin formalaşması vacibdir. Sosial şəbəkələrdə harmonik diyaloq mühiti yaratmaq, yəni sağlam bir dialoq mədəniyyəti formalaşdırmaq lazımdır. Bu mədəniyyətin yaranması insanların bilik və təhsil səviyyəsindən asılıdır və onların təşəbbüsü ilə inkişaf etdirilməlidir. Sosial şəbəkələrdə yaranan diyaloq mühiti cəmiyyətin ümumi diyaloq mühitinin tərkib hissəsinə çevrilir. Təəssüf ki, bəzi hallarda şayiələrin yayılmasında məqsəd qazanc və məşhurluq olan insanlar rol oynayır. Bloggerlər və digər sosial şəbəkə istifadəçiləri bəzən özlərini qəhrəman kimi təqdim edir, təhsil, mədəniyyət və ya həqiqi sosial sahələrdə fəaliyyət göstərmədən dəstəklər alaraq sürətlə populyarlaşırlar. Bəzi hallarda bu dəstəklər və tanınma vətəndaş cəmiyyəti strukturlarından, hətta keçmişdə dövlət vəzifəsi tutmuş şəxslərdən də əldə edilir. Bu insanlar şayiələr vasitəsilə sürətlə məşhurlaşır və sosial şəbəkələrdə yayılan şayiələrin “qəhrəmanı”na çevrilir. Təəssüf ki, bu kimi hallar cəmiyyətin sosial davranışına, sosial qrupların nizamına mənfi təsir göstərə bilir. Hətta bəzən həmin şəxslərin xoşa gələn ifadələri belə yanlış nümunəyə çevrilir və uğur hekayəsini pozur. Nəticədə, onlar iddia etdikləri şayiələrin qəhrəmanı roluna düşür və sosial şəbəkələrdə yayılan sözləri və şayiələr bir doqma kimi qəbul edilir. Buna görə də şayiələrin yayılmasına ciddi nəzarət edilməlidir. Hazırkı dövrdə sosial şəbəkələrdən istifadə edən hər bir insan informasiya daşıyıcısıdır və informasiya cəmiyyətinin bir subyektidir. İnsanlar bu rolda məsuliyyətli davranmalı, şayiə daşımaqla və ya sadəcə populyar ifadələrlə cəmiyyətdə və dövlət qarşısında özlərini qəhrəman və ya iddialı göstərməməlidirlər. Cəmiyyətimiz isə bu cür “dırnaq arası qəhrəman”lara qarşı həmişə ayıq olmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az