- Müşahidə məntəqəsi
- 6 Yanvar 19:57
- 4 704
“İranda etirazlar artıq rejim dəyişikliyi çağırışları ilə müşayiət olunur” – Sultan Zahidov
"İranda etiraz aksiyaları dekabrın 28-dən etibarən başlayıb və hazırda da davam edir. Aksiyalar Tehran, Həmədan, Şiraz, İsfahan və digər şəhərləri əhatə edir. Etirazların əsas səbəbi ölkədə mövcud olan sosial-iqtisadi çətinliklər, xüsusilə maliyyə vəziyyətidir.Məlum olduğu kimi, İran rialı ciddi şəkildə dəyər itirib. Bu isə ölkədaxili ticarət dövriyyəsinə, satışlara və əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib. İlk etirazlar Tehranda, xüsusilə Tehran Grand Bazarında başlayıb, daha sonra digər şəhərlərə yayılıb. Başlanğıcda etirazların əsas tələbləri sosial-iqtisadi xarakter daşısa da, prosesin gedişində siyasi tələblər ön plana keçib. Bu gün artıq etirazçılar arasında rejim dəyişikliyi çağırışları da yayılmaqdadır ki, bu da İran rəhbərliyini ciddi narahat edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Qeyd edək ki, kürd partiyaları birgə bəyanatla çıxış edərək İranda davam edən ümumxalq etiraz aksiyalarına dəstək verdiklərini açıqlayıblar. Bəyanatda ölkənin müxtəlif bölgələrində etirazçılara qarşı tətbiq olunan qanlı repressiyalar kəskin şəkildə pislənib. Partiyalar həmrəylik və birlik çağırışı edərək kürd siyasi qüvvələri arasında əməkdaşlığın gücləndirilməsinin, bu istiqamətdə yol xəritəsinin hazırlanması məqsədilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Siyasi şərhçi bildirib ki, bir tərəfdən hakimiyyətin siyasi qanadı etirazçılarla dialoq qurmağa və müəyyən razılaşmalara getməyə çalışır, digər tərəfdən isə konservativ qanad aksiyalara qarşı sərt tədbirlərin görülməsini gündəmə gətirir.
"Ayətullah Əli Xameneinin çıxışı da bu kontekstdə diqqət çəkir. O, etirazçılara sərt mesajlar verərək aksiyaların dayandırılmalı olduğunu bildirib. Bu, İran hakimiyyətinin ənənəvi “sərt və yumşaq xətt” siyasətinin növbəti təzahürüdür – yəni bir tərəfdən təzyiq, digər tərəfdən isə nisbətən yumşaq ritorika ilə daxili vəziyyəti sabitləşdirməyə cəhd göstərilir. Bununla belə, vəziyyət kifayət qədər gərgindir. Ölkədaxili iqtisadi problemlər, sosial rifahın aşağı düşməsi və qiymətlərin sürətlə artması insanların yenidən küçələrə çıxmasına səbəb olan əsas amillərdən biridir. Qeyd etmək lazımdır ki, indiyədək İrandakı kürd təşkilatları və partiyaları bu etirazlara geniş şəkildə qoşulmamışdı. Bu səbəbdən də etiraz dalğaları medianın təqdim etdiyi kimi milyonlarla insanı əhatə etmirdi. Lakin ötən şənbə günü mühüm bir hadisə baş verdi: kürd partiyalarından biri olan “Komala” açıq bəyanatla etiraz aksiyalarını dəstəklədiyini elan etdi və kürd təşkilatlarını birliyə çağırdı. Bundan sonra digər kürd partiyaları da bəyanatlar yayaraq etirazlara qarşı tətbiq edilən zorakılıq və repressiyaları pislədilər. Bu isə kürdlərin də etirazlara qoşulmağa hazır olduqlarını göstərir və aksiyaların daha da genişlənə biləcəyindən xəbər verir. Digər tərəfdən, məsələ təkcə daxili proseslərlə məhdudlaşmır. Xaricdən də etirazları dəstəkləyən qüvvələr mövcuddur. Xüsusilə İran hakimiyyətinin dəyişməsini istəyən və Tehrana düşmən mövqedə olan ABŞ və İsrail açıq şəkildə İran xalqının etirazlarını dəstəklədiklərini bəyan edirlər. ABŞ prezidenti Donald Tramp da vaxtilə bildirmişdi ki, İran dövləti xalqa qarşı zorakılıq tətbiq edərsə, müdaxilə edə bilər. Bu, faktiki olaraq ultimatum xarakterli açıqlama idi. Həmçinin bir neçə gün əvvəl ABŞ Nazirlər Kabinetinin iclasında da İran xalqının öz taleyini müəyyən etməli olduğu vurğulanıb ki, bu da dolayısı ilə etirazlara dəstək kimi qiymətləndirilə bilər. Hazırda İrana birbaşa hərbi müdaxilə ehtimalını yüksək qiymətləndirmirəm. Lakin dolayı yollarla etirazların dəstəklənməsi halları müşahidə olunur. Bu dəstəyin əsas məqsədi isə İran rejimini və ölkədəki hakimiyyəti zəiflətməkdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az