- Müşahidə məntəqəsi
- 6 Yanvar 19:59
- 6 467
“Magistraturaya 47–51 balla qəbul ciddi suallar doğurur” – Ramin Nurəliyev
“"İstər magistratura, istərsə də bakalavr səviyyəsində qəbul imtahanları olsun, mahiyyət etibarilə ciddi fərq yoxdur. Burada əsas problem imtahan suallarının həddindən artıq çətin olmasıdır. Bu problem həm abituriyentlər, həm də magistraturaya sənəd verənlər üçün eyni dərəcədə aktualdır. Məsələn, bakalavriat üzrə ötən il təxminən 62–63 min plan yeri ayrılmışdı və bu yerlər onsuz da dolur. Əgər suallar nisbətən asanlaşdırılsa və iştirakçıların topladığı ballar yüksəlsə, müsabiqəyə buraxılan abituriyentlərin sayı 75–80 minə çata bilər. Bu isə daha sağlam və rəqabətli qəbul mühiti yaradar. Burada əsas məqsəd odur ki, ixtisaslara çox aşağı ballarla qəbul halları aradan qalxsın. Məsələn, bir ixtisasa 51 balla qəbul olunan tələbə ilə 70–75 balla qəbul olunan tələbə arasında ciddi keyfiyyət fərqi olur. Əgər suallar nisbətən asanlaşdırılsa və keçid balları 60–65 civarında formalaşsa, bu həm təhsil səviyyəsinə, həm də ümumi ictimai təsəvvürə müsbət təsir edər. Hazırda bəzi ixtisaslara 150 balla, digərlərinə isə 200–230 balla qəbul aparılır. Suallar asanlaşdırıldığı halda daha çox abituriyent yüksək bal toplayar, nəticədə həm keçid balları yüksələr, həm də boş qalan plan yerləri problemi aradan qalxar. Bu gün hər il minlərlə plan yerinin boş qalması da məhz bu səbəblə bağlıdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, fevral ayında bakalavr pilləsi üzrə magistratura proqramlarına I qəbul imtahanının keçirilməsi nəzərdə tutulur. Ötən il təşkil olunan magistratura imtahanlarının nəticələri göstərir ki, bəzi hallarda gənclər nisbətən aşağı bal toplamalarına baxmayaraq ali təhsil müəssisələrinə qəbul oluna biliblər. Bu isə qəbul prosesinin effektivliyi və seçim meyarları ilə bağlı müəyyən sualların yaranmasına səbəb olub, eyni zamanda mövcud mexanizmlərin yenidən qiymətləndirilməsinin vacibliyini gündəmə gətirib.
Ekspertin sözlərinə görə, magistratura səviyyəsində də oxşar vəziyyət müşahidə olunur.
"Bəzi ixtisaslara 47–51 balla qəbul aparılması ciddi suallar doğurur. Əgər qəbul 60–65 balla həyata keçirilsə, bu həm daha məntiqli olar, həm də təhsilin keyfiyyətinə müsbət təsir edər. Çünki plan yerləri onsuz da dolur, əsas məsələ keyfiyyət göstəricisidir. Aşağı keçid balları cəmiyyətdə də mənfi təsir yaradır: ailələrdə narahatlıq artır, gənclərdə psixoloji gərginlik formalaşır. Bu baxımdan qəbul siyasətinə yenidən baxılması zəruridir. Mövcud yanaşma dəyişməli, daha balanslı və ədalətli mexanizm tətbiq olunmalıdır. Digər diqqətçəkən məsələ magistratura imtahanlarının strukturu ilə bağlıdır. Məsələn, tarixçi, filoloq və ya coğrafiya müəllimi magistraturaya qəbul zamanı riyaziyyat, məntiq, informatika və xarici dildən imtahan verir, lakin öz ixtisası üzrə yox. Bu isə müəyyən qədər məntiqsiz görünür. Şübhəsiz ki, məntiq, informatika və xarici dil vacibdir, lakin ixtisas fənninin imtahandan kənarda qalması ciddi suallar yaradır. Nəticə olaraq, həm bakalavr, həm də magistratura qəbul imtahanlarında sualların çətinlik səviyyəsinə yenidən baxılmalı, qəbul mexanizmi təkmilləşdirilməlidir. Bu dəyişikliklər həm təhsil keyfiyyətinə, həm də cəmiyyətdə formalaşan ümumi rəyə müsbət təsir göstərə bilər. Qeyd edilənlər şəxsi mövqe olsa da, mövcud vəziyyətin dəyişdirilməsinin zəruri olduğu açıq görünür".
Rəfiqə Namazəliyeva,
AzNews.az