- Müşahidə məntəqəsi
- 7 Yanvar 19:56
- 3 207
Azərbaycan həm ənənəvi, həm də yaşıl enerjidə etibarlı tərəfdaşdır” – Pərvanə Vəliyeva
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində xatırladıb ki: “2024-cü ilin noyabrında burada, Bakıda bütöv yaşıl hərəkat qrupları mənə hücum çəkdi və dedi ki, COP29-a ev sahibi olan ölkə faydalı qazıntını necə təşviq edə bilər?! Mən bunları, sadəcə, reallığa əsaslanaraq söyləyirdim. Heç kəs hazırda faydalı qazıntını inkar edə bilməz. Onlar nə dərəcədə xoşunuza gəlməsə belə, siz onlarsız yaşaya bilməzsiniz. Əgər yaşaya bilərsinizsə, onda irəli! Lakin biz məsələyə realist yanaşmalıyıq”.
Bu, reallığa əsaslanan yanaşmadır. Çünki hazırda dünya iqtisadiyyatı faydalı qazıntılarsız yaşaya bilməz. Məsələn, külək turbinləri, günəş panellərinin hazırlanmasında da təbiətdə faydalı qazıntı kimi tapılan metallardan istifadə edilir. Süni intellekt qurğularının işləməsi üçün lazım olan metal çiplər də təbiətdə tükənən faydalı qazıntıdan alınır. Bu, dünyanın reallığıdır. Ona görə faydalı qazıntını dayandırmaq inkişafın dayanmasıdır deyə bilərik.
Azərbaycan tarixən neft və təbii qazla zəngin ölkə olsa da, onun qlobal istixana effekti yaradan qazlarının həcmində payı 0,1%-dir. Avropa İttifaqının “EU4Climate” təşəbbüsü Azərbaycanın payını “çox kiçik töhfə” adlandırır. Müqayisə üçün, neft-qazla zəngin olmayan, ərazisi Azərbaycandan iki dəfə kiçik olan Danimarkanın adambaşına düşən göstəricilər baxımından ərazi üzrə istixana qazı emissiyaları Azərbaycanın göstəricilərindən yüksəkdir, istehlak-əsaslı karbon izi isə əhəmiyyətli dərəcədə yüksəkdir.
Azərbaycan həm ənənəvi, həm də alternativ enerji sahəsində etibarlı tərəfdaş olaraq çıxış edir. Ölkəmiz Avropanın etibarlı enerji təchizatçısı nüfuzuna malik olmaqla, həm də diversifikasiya olunmuş enerji potensialına sahibdir. Neft və qazla yanaşı, günəş, külək və hidroenerji resurslarımız mövcuddur. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt-dır. 3 yaşıl enerji zonası mövcuddur və 4 yaşıl enerji dəhlizi layihəsi üzərində çalışılır ki, bu dəhlizlər Azərbaycandan Avropaya yaşıl enerji ixracını hədəfləyir.
Bu gün Azərbaycan təbii qazı dünyanın 14 ölkəsinə ixrac olunur. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Qaz yataqlarının dərinləşdirilməsinə investisiya cəlb edilərsə, daha çox ölkəyə ixrac ola bilər.
Prezident müsahibəsi zamanı həmçinin, qeyd edib ki, Avropanın bəzi maliyyə təsisatları əvvəlcə tam qadağan edilən faydalı qazıntılara aid siyasətinə yenidən baxmağa başlayıblar. İndi isə onlar faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirməyə başlayıblar. Aparıcı enerji şirkətləri, sadəcə, əsas tendensiyaya uyğun gedirdi və bəziləri hətta adlarından "neft" sözünü çıxarırdı. İndi isə onlar yenidən faydalı qazıntıya qayıdırlar. Bu, bəlli məsələdir və açığını desək, gülünc idi.
Qeyd edim ki, Avropa İttifaqı ölkələri 2030-cu ilə qədər kömürdən istifadəni minimuma endirməyi, 2050-ci ilə qədər isə tamamilə dayandırmağı öhdəlik götürüb, bəzi ölkələr bu öhdəlikləri milli qanunvericiliklərə də daşıyaraq daha da gücləndirib. Bu hədəflərə çatmaq üçün Azərbaycanın enerji imkanları əvəzsiz mənbə ola bilər. Hazırda təbii qazın real alternativi yoxdur. Yaşıl fanatizmi kənara qoyaraq, dünya ölkələri real olan hədəflərə köklənməlidir.
“Karbon sızmasının” qarşısını almağı hədəfləyən Avropa İttifaqının bir müddət öncə irəli sürdüyü Karbon Sərhəd Tənzimləmə mexanizmi - CBAM ciddi tənqidlərlə üzləşib. Bu yanaşma qlobal iqlim ədalətinə ziddir və Qlobal Cənubu, bütövlükdə inkişaf etməkdə olan ölkələri ticarətdə asılı vəziyyətə salmağı hədəfləyir. Yaşıl enerjiyə keçid ədalətli olmalıdır, ölkələr arasındakı bərabərsizliyi dərinləşdirməməlidir. Tarixən böyük karbon emissiyası edərək inkişafa nail olmuş inkişaf etmiş ölkələrin (əsasən G7) yeni tənzimləmələri digər ölkələrin inkişafına mane olmamalıdır. İqlim siyasəti adı altında ticarətin məhdudlaşdırılması gələcəkdə bu mövzu ətrafında geosiyasi gərginlikləri artıra bilər.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı