- Müşahidə məntəqəsi
- 7 Yanvar 21:35
- 4 630
“Donorluq təkcə tibbi deyil, həm də etik və ideoloji məsələdir” – Hüseyn İbrahimov
"Qeyd etmək lazımdır ki, Səhiyyə Nazirliyinin Qan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi bu sahədə məlumatların verilməsi ilə yanaşı, müəyyən maarifləndirici işlər də həyata keçirir. Bu məlumatların verilməsi özlüyündə həm də cəmiyyət arasında maarifləndirmə işinin aparılması deməkdir. Azərbaycan xalqı, xüsusilə Vətən müharibəsi dövründə, xəstələrə qarşı mərhəmət və humanizm hissləri ilə seçilib. Bu baxımdan, ölkəmizdə donorluq və transplantasiya ilə bağlı qanunların qəbul edilməsi, qərbdə mövcud olan uzunmüddətli təcrübə və qanunvericilik nümunələrinə əsaslanaraq, kütləvi fəaliyyəti və bu sahədə tədbirlərin sürətlə həyata keçirilməsini mümkün edib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, 2025-ci ildə ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayı kəskin artıb. Bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi məlumat verib. Məlumatda bildirilib ki, 2025-ci ildə sümük iliyi transplantasiyasına ehtiyacı olanların sayı təqribən 550 nəfər olub. “Sümük iliyi transplantasiyasına ehtiyac duyanlar arasında talassemiyalı xəstələr üstünlük təşkil edir. Talassemiya xronik qan xəstəliyi olduğundan, bu xəstələr uyğun donor tapılana qədər müəyyən müddət gözləyə bilirlər. Lakin digər qan onkoloji xəstəlikləri, xüsusilə kəskin limfoblastik leykemiya (ALL) və kəskin mieloblastik leykoz (AML), sürətlə irəlilədiyindən resipiyentlər üçün həyati təhlükə yaradır,” – məlumatda qeyd olunub.
Sosioloq qeyd edib ki, bu, xalqımızın ənənəvi xeyirxah və humanist keyfiyyətlərinin parlaq ifadəsidir.
"Bütün hallarda məsələlərin qanunla tənzimlənməsi vacibdir və bunun əhəmiyyəti daha böyükdür. Azərbaycanda donorluq və transplantasiya ilə bağlı qanunvericilik 2000-ci ildən etibarən qəbul olunub, 2007-ci və 2021-ci illərdə əlavə və dəyişikliklər edilib. Bu qanunlar həm donorların vəzifə və hüquqlarını, həm də dövlətin, aidiyyəti təşkilatların və qurumların öhdəliklərini ətraflı şəkildə göstərir. Bu sahədə, xüsusilə talasemiya xəstələrinin sayı çoxdur. Dövlət tərəfindən bu xəstələrə yardımlar göstərilir və xüsusi səhiyyə müəssisələri tikilərək istifadəyə verilib. Bu müəssisələrdə həkimlərimiz və müvafiq personal uşaqlara diqqətlə yanaşır və onların problemlərinin həllinə çalışır. Donorluq məsələsində, ölümündən sonra orqan bağışlamaqla bağlı maarifləndirmə və marağın artırılması da vacibdir. Buna təsir edən amillər qanunvericiliklə yanaşı, insanların etik düşüncəsi və humanist dünya görüşüdür. Başqasına həyat vermək, ona ömür bəxş etmək etik dəyərlərin əsas göstəricilərindəndir. Bəzən sosial amillərin, məsələn, orqanların və toxumaların saxlanılması kimi məsələlərin donor prosesinə təsir etdiyi vurğulansa da, Azərbaycanda bu, əsas məsələ deyil. Burada daha çox humanizm, etik dəyərlər və insanlıq prinsipləri önəmlidir. İnsanlar arasında bu cür etik təfəkkürün artması cəmiyyətdə humanizm dəyərinin güclənməsinə və insanların sağlamlığı istiqamətində həmrəyliyə səbəb olur. Bu həm də ideoloji məsələlər, yəni vətəndaş maarifinin yüksəlməsi ilə bağlıdır. Ölümündən sonra orqan və toxumaların donor kimi verilməsi ilə bağlı insanların şüurlu qərarları diqqətəlayiqdir. Arzu edək ki, xəstələrimizin sayı az olsun, lakin eyni zamanda cəmiyyətdə humanizm və etik təfəkkürün inkişafı davam etsin. Bu, sağlam və yüksək humanist dəyərlərə malik bir cəmiyyətin göstəricisidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az