“Dərslik hazırlığında şəxsi maraqlar kənara qoyulmalıdır” – Məzahir Məmmədli

"Mövzu ilə bağlı zaman-zaman dövrü mətbuat, sosial şəbəkələr, həm sahəyə aid olan, həm də olmayan hər kəs tənqid səsləri qaldırıb. Elm və Təhsil Nazirliyi də dəfələrlə bu məsələ ilə bağlı açıqlamalar verib. Xüsusilə son günlər, ənənəvi sentyabr müşavirəsində qeyd olunub ki, hazırkı dərsliklər artıq tələb olunan səviyyəni qarşılamır. Bildirilir ki, dərsliklərlə bağlı yeni fikir və layihələr hazırlanmalı, müzakirələrdə şəxsi maraqlar kənara qoyulmalıdır. Yəni "müəllif mən olum" yanaşması artıq önəm daşımır. Fərdi təşəbbüslərdən çox ümumi maraqlar ön plana çıxmalıdır. Bu baxımdan artıq belə bir təşəbbüs var və dərsliklərin geniş müzakirəyə çıxarılması nəzərdə tutulur. Bugünə qədər dərs vəsaitləri çap olunarkən bir neçə müəllif onların hazırlanmasına məsul olur, müəlliflik hüququ qorunurdu, lakin geniş ictimai müzakirə imkanı yaranmırdı. Yeni qaydalarla isə 2026-2027-ci tədris ilinə nəzərdə tutulan dərsliklərin müzakirəsi hər kəs üçün açıq olacaq".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2026–2027-ci tədris ili üçün təkmilləşdirilən və ya hazırlanacaq dərslik layihələri və onlarla bağlı metodik vəsaitlərə dair ictimai müzakirəyə başlayıb. Layihələr mərhələli şəkildə www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Maraqlı tərəflər dərsliklərin məzmunu ilə tanış olub, rəy və təkliflərini həm platformada, həm də derslik@edu.gov.az ünvanına göndərə bilərlər. Nazirlik elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını və ictimai birlikləri müzakirədə iştirak etməyə dəvət edir.

Ekspert bildirib ki, artıq sosial şəbəkələrdə, mətbuatda və digər ictimai platformalarda səslənən təkliflər rəsmi portala göndərilə biləcək.

"Bununla da, dərsliklərlə bağlı geniş müzakirələr yekunlaşacaq. İndiyə qədər iştirak edənlərin bir qismi dərslikdə nə olduğunu və nə olmadığını tam bilmir; yeni sistemdə isə hər kəs dərslik vəsaitlərini izləyib öz rəyini bildirə biləcək. Nəticədə daha mükəmməl dərslik ortaya çıxacaq. Artıq burada şəxsi maraqlar və müəllif hüquqları önəm daşımayacaq. Bundan sonra belə mövzular müzakirələrdə yer almayacaq və proses tam şəffaf şəkildə davam edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az