- Müşahidə məntəqəsi
- 9 Yanvar 20:01
- 4 457
"Sosial şəbəkələrdə yaş məhdudiyyətləri zəruridir" - Naib Niftəliyev
"Təbii ki, sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və yaşından asılı olmayaraq hər bir insan bu imkanlardan faydalanmağa, müəyyən bilik və vərdişlər əldə etməyə, həyatını sosial şəbəkələrin təsiri altında müəyyən qədər zənginləşdirməyə və dəyişdirməyə çalışır. Kim bu platformalardan necə istifadə edir, bu artıq ayrıca araşdırma mövzusudur. 15 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan olunmasına gəldikdə isə, burada müəyyən meyarlar və şərtlər mövcuddur. Bəzi ölkələrdə bu cür qadağaların tətbiq olunması ümumilikdə başadüşüləndir. Çünki uşaq şəxsiyyətinin formalaşmasının müəyyən mərhələləri var və bu proses erkən yaş dövrlərindən başlayır. Təxminən qızlarda 11–12, oğlanlarda isə 12–13 yaşdan etibarən yeniyetməlik mərhələsi başlayır və bu dövrdə psixoloji həssaslıq daha yüksək olur. Məsələn, bəzi hallarda məsuliyyət yaşı 14, yetkinlik yaşı isə 16 yaş kimi qəbul edilir. Bu yaş həddinə qədər şəxsiyyət tam formalaşmış hesab edilmir və müstəqil qərarvermə imkanları məhdud olur".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Xatırladaq ki, sosial media artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu reallıqdan kənarda qalmaq mümkün deyil. Sosial şəbəkələr vasitəsilə təhsilini, işini və karyerasını quran kifayət qədər insan mövcuddur. Bu baxımdan sosial şəbəkələrin ləğvi və ya tam qadağan olunması barədə düşünmək yel dəyirmanı ilə döyüşməyə bənzəyir. Bununla belə, bəzi ölkələrdə 15 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsinə məhdudiyyətlər tətbiq edilib.
Sosioloq qeyd edib ki, bu səbəbdən yaş bölgüsünə uyğun olaraq müəyyən məhdudiyyətlərin tətbiq edilməsi və müvafiq tövsiyələrin verilməsi anlaşılandır.
"Necə ki, filmlərdə və müxtəlif sosial tədbirlərdə yaş məhdudiyyətləri tətbiq olunur, eyni yanaşma sosial şəbəkələrə də şamil edilə bilər. Əgər belə məhdudiyyətlər qoyulursa, onun tətbiq mexanizmləri də dəqiq müəyyənləşdirilməlidir. Məsələ təkcə qadağanın olub-olmamasında deyil, həmin məhdudiyyətlərin hansı şərtlər daxilində və necə tətbiq olunmasındadır. Uşaqların yaşına uyğun olmayan şəkildə sosial şəbəkələrdən istifadəsi zamanı müəyyən sanksiyaların, inzibati və hüquqi tədbirlərin çəkindirici vasitə kimi nəzərdə tutulması mümkündür. Lakin bu üsullar problemin köklü həllini təmin etmir. Əsas yük və təsir yenə də sosial media üzərindən aparılan maarifləndirmə işlərinin üzərinə düşür. Müəyyən filtrlərin və qismən qadağaların tətbiqi müəyyən qədər effekt versə də, problemi tam aradan qaldırmır. Bu məsələnin ciddi sosial, psixoloji və hüquqi əsasları var və mövzu ətrafında daha geniş müzakirələr aparıla bilər. Düşünürəm ki, sərt qadağalar əvəzinə, sosial şəbəkələrdən düzgün və məqsədyönlü istifadə imkanları araşdırılmalıdır. Qadağalar qismən məhdudiyyətlərlə əvəz olunmalıdır. Məsələn, istifadə vaxtının tənzimlənməsi, hansı saatlarda və nə qədər müddət ərzində sosial şəbəkələrdən yararlanmağın mümkün olması kimi yanaşmalar daha faydalı ola bilər. İnternet mühitinin yaşa uyğun şəkildə formalaşdırılması və istifadənin daha maarifləndirici və maraqlı hala gətirilməsi formal qadağalardan daha səmərəli nəticə verə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az