- Müşahidə məntəqəsi
- 12 Yanvar 22:03
- 2 720
“Elektron diplomlar gənclər üçün ciddi problemi aradan qaldıracaq” - Ramin Nurəliyev
"Əslində, beynəlxalq təcrübədə də bu öz əksini tapıb. Qardaş Türkiyədə artıq diplomların elektron formada təqdim olunması həyata keçirilir. Bizdə də bu addım təhsil sahəsində böyük uğurlardan biridir. Elektron diplomların təqdim olunması bir sıra problemlərin həllinə dəstək olacaq, xüsusilə tələbələr və gənclər üçün. Məsələn, indiyə qədər ali təhsil müəssisəsini bitirən gənclər diplomlarını oktyabr-noyabr aylarında alırdılar. Bu, xaricdə magistratura təhsili alan gənclərimiz üçün müəyyən problemlər yaradırdı, çünki bəzi xarici ali təhsil müəssisələri yalnız diplomları, arayışları isə qəbul etmirdi. Artıq diplomlar 10 iş günü ərzində elektron formada təqdim olunacaq".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, ali təhsil diplomları artıq tamamilə rəqəmsal formatda veriləcək. Azərbaycan universitetlərində bu yenilik çərçivəsində məzunlar diplomlarını “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən əldə edə biləcək, onları onlayn təqdim edə və hüquqi baxımdan tanınan sənəd kimi istifadə edə biləcəklər. Təhsil sahəsində rəqəmsallaşma istiqamətində atılan bu addım həm saxta diplomların qarşısını almaq, həm də sənədlərin əlçatanlığını artırmaq məqsədi daşıyır.
Ekspert qeyd edib ki, bu addım gənclərin xarici ali təhsil müəssisələrinə müraciətini asanlaşdıracaq.
"Eyni zamanda, elektron diplomların təqdim olunması saxtakarlığın qarşısını almağa da xidmət edəcək. Hər bir elektron diplomda QR kod olacaq və xarici ali təhsil müəssisələri bu kod vasitəsilə diplomun qanuniliyini asanlıqla təsdiq edə biləcək. Bu addım yalnız təhsil sahəsində deyil, əmək bazarında da müsbət təsir göstərəcək. Əvvəllər diplom almayan gənclər yalnız arayışla işə müraciət edirdilər və bu bəzi hallarda işə qəbul prosesində çətinlik yaradırdı. İndi elektron diplomlar 10 iş günü ərzində işəgötürənə təqdim ediləcək və QR kod vasitəsilə diplomun qanuniliyi rahatlıqla yoxlanılacaq. Hesab edirəm ki, bu, Azərbaycanda təqdirəlayiq və gənclər üçün faydalı addımlardan biridir".
Rəfiqə Namazəliyeva,
AzNews.az