- Müşahidə məntəqəsi
- 12 Yanvar 22:07
- 2 678
“Valideynlər evdə sistemdən çəkinməlidir” - Zakir Quliyev
"Evdə uşağa sistem vurmaq ciddi risklər yaradır. Steril şərait təmin edilmədikdə infeksiya və sepsis riski artır, damarlar zədələnə, mayenin normadan artıq verilməsi isə ağciyərlərdə maye toplanmasına və nəfəs darlığına səbəb ola bilər. Həmçinin elektrolit balansının pozulması qıcolma və ürək ritm pozğunluqları, allergik reaksiyalar və əsas xəstəliyin gizlənməsi ilə gecikmiş müalicəyə gətirib çıxara bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında həkim-terapevt Zakir Quliyev deyib.
Xatırladaq ki, son günlər yayılan virus infeksiyası ilə bağlı bəzi valideynlər uşaqlarına evdə sistem vurmağa çalışır. Lakin bu tibbi qaydalara ziddir və tibb bacıları bunu icra etmir. Xəstəxanalarda yalnız həkim müayinəsindən sonra və zərurət olduqda sistem tətbiq olunur; adətən həkimlər bunu məqsədəuyğun saymır. Hətta yaxın zamanda uşaqlara evdə sistem vurulmasının tam qadağan ediləcəyi ilə bağlı iddialar da var.
Terapevt qeyd edib ki, virus infeksiyası zamanı uşaqlarda maye balansını qorumaq üçün valideynlər ağızdan tez-tez və az-az su və ya aptekdə satılan ağızdan rehidrasiya məhlulları verməli, körpələrdə isə ana südünü davam etdirməlidirlər.
"Qusma zamanı mayeni çay qaşığı ilə aralıqlarla vermək və qazlı, çox şirin içkilərdən uzaq durmaq da vacibdir. Sidiyin azalması, ağız quruluğu, halsızlıq kimi susuzlaşma əlamətləri diqqətlə izlənməli, uşaq maye qəbul edə bilmirsə, davamlı qusma və ya ishal varsa, yüksək hərarət uzun sürürsə və ya uşaq süstdürsə, mütləq həkimə müraciət olunmalıdır. Bu tədbirlər uşağın təhlükəsizliyini təmin etməyə və ağırlaşmaların qarşısını almağa kömək edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az