“Ali təhsilin müddəti beynəlxalq təcrübəyə uyğunlaşdırıla bilər” - Məzahir Məmmədli

"Artıq bu istiqamətdə müəyyən ölkələr addımlarını atıblar və bizə yaxın qonşu ölkələrdə – Gürcüstan və Türkiyədə də ciddi müzakirələr gedir. Gürcüstan gələn ildən bakalavriat sistemini 3 ilə, magistraturanı isə 1 ilə qısaltmaq barədə parlament səviyyəsində qərar qəbul edib. Azərbaycan isə əlbəttə ki, dünyanın tərkib hissəsidir və Azərbaycan təhsili artıq beynəlxalq təcrübəyə əsaslanmalıdır. Ölkədə də bu istiqamətdə ciddi müzakirələr aparılır; parlament səviyyəsində magistraturanın, doktoranturanın, o cümlədən bakalavriat sisteminin uzunluğu ilə bağlı məsələlər müzakirə olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, ali təhsilin müddətinin azaldılması son illər bir çox ölkədə müzakirə olunan və tətbiq edilən islahatlardan biridir. Avropa ölkələrində, xüsusilə Almaniya, Fransa, İtaliya, İspaniya, Niderland, Polşa və digər Aİ ölkələrində bəzi ixtisaslar üzrə bakalavr təhsilinin 3 ilə endirilməsi gənclərin əmək bazarına daha tez çıxmasına və təhsilin daha praktik və çevik qurulmasına hesablanıb.

Ekspert qeyd edib ki, bəzi texniki fənlər üçün 4 il müddət zəruri ola bilər, lakin humanitar sahələrdə bakalavriat dərəcəsinin 4 il olması artıq görünür.

"Ona görə də yəqin ki, Ona görə də yəqin ki, Azərbaycan parlamenti Elm və Təhsil haqqında qanunun sonuncu oxunuşunda bu məsələni nəzərdən keçirəcək. Artıq parlament üzvləri, xüsusilə Elm və Təhsil Komitəsinin bir neçə üzvü, bakalavriat üçün 3 il, magistratura üçün isə 1 il müddətin artırılmasını dəstəklədiklərini bildiriblər. Bilindiyi kimi, əlavə müddət tələbələrə sənayedə və digər sahələrdə təcrübə qazanmaq imkanı verir. Bu baxımdan, 3 illik bakalavriat müddətinin Azərbaycan üçün nəzərdən keçirilməsi vacibdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az