“Eksternat təhsildə qeyri-rəsmi yollar aradan qaldırılıb” - Məzahir Məmmədli

"Eksternat imtahanları məktəbi tam başa vurmamış və yaşı 18-i ötmüş şəxslər üçün təşkil olunur. Son dövrlərdə bu sahəyə müəyyən diqqət ayrılıb, çünki əvvəllər vəziyyət daha qeyri-rəsmi idi və məzun ola bilməyən şəxslər müxtəlif vasitələrlə yol taparaq, bəzən imtahansız attestat əldə edirdilər. Amma indi qaydalar xeyli sərtləşdirilib və proses mərkəzləşdirilmiş sistem əsasında həyata keçirilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, ümumi orta və tam orta təhsil səviyyələrini müxtəlif səbəblərdən başa vura bilməmiş şəxslər üçün eksternt imtahanları keçiriləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, imtahanlara sənəd qəbulu artıq yekunlaşıb və bu il 6 mindən çox şəxs müraciət edib. İmtahan yerli təhsil idarələri tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunacaq. Sərbəst (eksternat) təhsil forması isə bu şəxslərə buraxılış imtahanı verərək müvafiq attestat almaq imkanı yaradır.

Ekspert bildirib ki, yerli təhsil sektorları və regional idarələr yalnız imtahanın keçirilməsini təşkil edir və vaxtını müəyyənləşdirir, attestatın verilməsi isə mərkəzləşdirilmiş qaydalar əsasında həyata keçirilir.

"Bu səbəbdən, əvvəllər mümkün olan imtahansız attestat almaq artıq mümkün deyil və hər bir şəxs mərkəzləşdirilmiş imtahan sistemində iştirak etməlidir. İmtahana qatılan şəxslər əvvəlcədən müəyyən hazırlıq mərhələsindən keçir, bu mərhələdə onlara buraxılış imtahanlarının mahiyyətinə uyğun suallar təqdim olunur. Hazırlığı uğurla tamamlayan və suallara düzgün cavab verən şəxslər yalnız bundan sonra attestat almaq hüququ qazanırlar".

Rəfiqə Namazəliyeva,

AzNews.az