“Rəqəmsal mühitdə əxlaqi boşluqlar yaranır” - Hüseyn İbrahimov

"Son illər sosial şəbəkələrin sürətlə artması, həm istifadəçi sayının çoxalması, həm də internet resurslarının keyfiyyət baxımından dəyişməsi əhalinin bütün təbəqələri arasında internetdən istifadənin genişlənməsinə səbəb olub. Nəticədə elə bir tendensiya formalaşıb ki, internet asılılığı artıq təkcə gəncləri deyil, yaşlı nəsli də əhatə etməyə başlayıb. Bu proses cəmiyyətin həyat tərzinə, sosial münasibətlərinə, ünsiyyət formasına, əxlaqi davranışına və dəyərlər sisteminə ciddi təsir göstərib. Xüsusilə sosial şəbəkələrdə bəzi mədəniyyət və musiqi sahəsində tanınan şəxslər arasında qarşılıqlı təhqir, etikadan uzaq və aqressiv ifadələr zamanla cəmiyyət üçün sanki “nümunəvi davranış modeli”nə çevrilməyə başlayıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Xatırladaq ki, son illər sosial şəbəkələr yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda cəmiyyətin dəyərlər sistemini, davranış modellərini və sosial münasibətləri formalaşdıran əsas platformalardan birinə çevrilib. Xüsusilə sosial mediada aqressiv dil, təhqir, kobud jestlər və əxlaqa zidd davranışların artması ictimai narahatlıq doğurur. Bu tendensiya fonunda dövlətin sosial şəbəkələrdə məzmunla bağlı tənzimləmələrə getməsi cəmiyyətdə müxtəlif reaksiyalarla qarşılanır. Məsələ yalnız hüquqi deyil, eyni zamanda sosial davranış, mədəni transformasiya və rəqəmsal mühitdə normativ dəyərlərin dəyişməsi prizmasından da təhlil olunmalıdır.

Sosioloq qeyd edib ki, bu proses cəmiyyətin mikrostrukturunda və dəyərlər oriyentasiyasında boşluqların yaranmasına, insanların sosial şəbəkələr vasitəsilə bir-birinə qarşı nifrət və aqressiya yönəltməsi hallarının artmasına səbəb olub.

"Son günlər ölkə başçısı tərəfindən “İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklərin təsdiqlənməsi bu sahədə mövcud olan bir çox boşluqların aradan qaldırılması, etik norma və dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qanuna edilən dəyişikliklərdə sosial şəbəkələrdə təhqir, təhdid və etikadan kənar ifadələrin yayılmasına görə konkret cərimələr və məsuliyyət tədbirləri nəzərdə tutulur ki, bu da olduqca yerində və vaxtında atılmış addımdır. Çünki hazırda sosial şəbəkələrin sürətlə yayılması fonunda ictimai normaların və əxlaqi dəyərlərin aşınması prosesi müşahidə olunur və bu sahədə ciddi tənzimləməyə ehtiyac var idi. Bu baxımdan cənab Prezident İlham Əliyev tərəfindən qanuna edilən əlavə və dəyişikliklər sosial şəbəkələrdə yeni etik normaların və davranış prinsiplərinin formalaşmasına töhfə verəcək. Unutmaq olmaz ki, mediada olduğu kimi sosial mediada da müəyyən sərhədlər olmalıdır. Çünki sosial media artıq yalnız jurnalistlərin deyil, cəmiyyətin bütün üzvlərinin – yetkinlik yaşına çatmayanlardan tutmuş yaşlı insanlara qədər hər kəsin istifadə etdiyi platformaya çevrilib. Bu platformalarda həm qadağalar, həm də cəzalar tətbiq edilməlidir və bütün bunlar cəmiyyətin dəyərlər sisteminin qorunmasına xidmət edir. Bir çox ölkələr artıq bu istiqamətdə addımlar atıb və Azərbaycanda da atılan bu addımlar gələcəkdə daha sağlam, etik və nümunəvi sosial media mühitinin formalaşmasına mühüm təsir göstərəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az