- Müşahidə məntəqəsi
- 4 Fevral 22:42
- 2 638
“İnsanların ideya ətrafında birləşməsi ictimai inkişafın vacib şərtidir” – Hüseyn İbrahimov
"Təbii ki, bütün zamanlarda insanlar özlərini cəmiyyət daxilində “biz” və “onlar” ifadəsi ilə digərindən fərqləndirməyə çalışıblar. Əvvəllər informasiya cəmiyyətinin formalaşmadığı dövrlərdə bu sosial təbəqələr arasında məhz bu anlayışların nəticəsində vətəndaş cəmiyyəti, ayrı-ayrı xeyriyyə cəmiyyətləri və digər sosial birliklər meydana gəlib. İnsanlar sosial bilik və təcrübələrini ifadə etmək üçün müxtəlif dini və elmi təhsil birlikləri, marifləndirici təşkilatlar yaratmışlar. Bu baxımdan, “biz” və “onlar” anlayışını yalnız mənfi tendensiya kimi qəbul etməmək də lazımdır. Çünki insanlar müəyyən ideya ətrafında birləşərək digərlərindən fərqlənməsələr, ictimai inkişafın qanunları pozula bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, müasir cəmiyyətlərdə sosial münasibətlərin getdikcə daha çox “biz və onlar” bölgüsü üzərindən qurulması narahatedici tendensiya kimi ön plana çıxır. Bu düşüncə tərzi fərqli fikirlərə, sosial qruplara və yaşam tərzlərinə qarşı tolerantlığın azalmasına, cəmiyyət daxilində görünməz, lakin dərin sərhədlərin formalaşmasına səbəb olur. Xüsusilə siyasi proseslər, regional münaqişələr, miqrasiya axınları və sosial şəbəkələrdə yayılan qütbləşdirici məzmun bu bölgünü daha da kəskinləşdirir. “Biz və onlar” yanaşması yalnız fikir ayrılığı ilə məhdudlaşmır, eyni zamanda qarşı tərəfin təhlükə kimi qavranılmasına, etimadsızlığın və emosional gərginliyin artmasına yol açır. Nəticədə dialoq zəifləyir, kompromis imkanları daralır və cəmiyyət daxilində sosial həmrəylik zədələnir. Bu kontekstdə sosioloji baxış bu düşüncə tərzinin yaranma səbəblərini, onun media, siyasi diskurs və gündəlik sosial davranışlarda necə möhkəmləndiyini anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sosioloq qeyd edib ki, dünyaya baxdıqda, məsələn, Amerika və İngiltərə kimi cəmiyyətlər də formalaşana qədər bu cür stereotiplərlə inkişaf etmişlər.
"Azərbaycanda da əsrin əvvəlində müxtəlif marifləndirici cəmiyyətlər, vətəndaş təhsil birlikləri “biz” və “onlar” anlayışı çərçivəsində fəaliyyət göstərərək öz dostluq və əməkdaşlıq təşkilatlarını qurublar. Lakin 20-ci əsrin ikinci yarısından başlayaraq, soyuq müharibənin qütbləşməsi cəmiyyətləri daha da bölmüş və “biz” anlayışı müəyyən qrupları, “onlar” anlayışı isə fərqli qrupları ifadə etməyə başlamışdır. SSRI-nin dağılmasından sonra respublikalarda insanlar daha çox milli birlik və ideya ətrafında birləşməyə meylli olublar. SSRI dağılması və soyuq müharibənin bitməsi ilə dünyada insanların etnik və milli zəmində qarşıdurmaları artıb, “biz” və “onlar” ifadələrinin güclənməsi tendensiyası müşahidə olunub. Cəmiyyətimizin bir hissəsinin işğaldan azad edilməsi isə həm düşmənə qarşı nifrət hissini, həm də həmrəyliyin güclənməsini artırıb. Dünyada yeni dövr başlayır. Süni intellektin sürətlə inkişafı, elektron asılılığın artması və onlayn platformalarda insanların özünü təbliğ etməsi “biz” və “onlar” anlayışı kontekstində yeni sosial-psixoloji prioritetlər yaradıb. Bu prioritetlərin həm mənfi, həm də müsbət tərəfləri mövcuddur. Təəssüf ki, bəzi ölkələrdə mənfi tərəflər artmaqda, digərlərində isə müsbət tərəflər üstünlük təşkil edir. Heç bir cəmiyyət negativ təsirlərdən azad deyil. Xüsusilə miqrantların çox olduğu cəmiyyətlərdə “biz” və “onlar” anlayışı daha çox miqrantlar üzərində fokuslanır və onları digərlərindən üstün tutmaq kimi psixoloji vərdişlər yaranır. Bu kimi hallara Hollandiyada, Norveçdə və Fransada da rast gəlmək mümkündür, lakin bütün Avropa ölkələrinə aid deyil. Sosial şəbəkələrin kütləvi istifadəsi və insanların özlərini təbliğ etməsi müəyyən cəmiyyətimizdə də bu tendensiyaları gücləndirə bilər. Bəzən “biz” və “onlar” anlayışları zəngin həyat tərzini göstərmək, şov platformalarında özünü təbliğ etmək məqsədilə ortaya çıxır. Xüsusilə mədəniyyət sahəsində çalışan bəzi insanlar özlərini bayağı şəkildə təqdim edərək villalarını, həyat tərzini, yemək vərdişlərini digərləri ilə müqayisə edirlər. Beləliklə, cəmiyyətdə yüksək sosial statuslu şəxslərlə, inkişaf etmiş vətəndaşlarla digər təbəqələr arasında sosio-psixoloji uçurum yaranır. Yaşlılar sosial şəbəkələrdən istifadədə aktiv olmasalar da, gənclər müəyyən mənfi tendensiyaları gücləndirirlər. Onlar həyatlarını xaricdə qurmaq, xarici vətəndaşlarla ailə yaratmaq kimi meyllərə yönəlir, valideyn-uşaq münasibətlərində münaqişələr yaradırlar. “Biz” ifadəsi artıq bir qrup ifadəsi olmur, fərdi “mən” və “onlar” anlayışına çevrilir. Bu, şəxsin özünü digərlərindən üstün və ya qarşı qoyma şəklində ifadə etməsi ilə nəticələnir. Sosial asılılıq, elektron informasiyaya bağlılıq və özünü qapanma, digər qruplara qarşı qoyma davranışını gücləndirir. Bəzən bu davranış valideyn, müəllim, oxuduğu qrup və ya həkim kollektivinə qarşı yönəlir. Sosial-psixoloji və siyasi təsirlər radikalizm və şovinizm kimi mənfi hallara gətirib çıxara bilər. Buna görə də cəmiyyətimiz vahid tərbiyəvi modelə, milli ruh və dəyərləri qoruyaraq modernləşməyə xüsusi ehtiyac duyur. Dövlətimizin başçısı tərəfindən səslənən fikir də məhz bu istiqamətdədir: milli dəyərləri qoruyaraq modernləşmək. Bu yanaşma hər ailənin və məktəbin inkişaf strategiyasının əsasını təşkil etməlidir. Eyni zamanda sosial şəbəkələrin idarə olunmasında vahid nəzarət platforması qurulmalıdır. Bizdə media nəzarəti və dəstəyi üçün agentliklər mövcuddur, lakin vətəndaş cəmiyyəti və media artıq dövlət və cəmiyyətə dəstək olmalıdır. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti kifayət qədər güclü deyil, bir çox rəhbər şəxslər və dövlət maliyyəsi alan qurumlar hələ öz rol və funksiyalarını tam anlamırlar. Marifləndirmə tədbirlərinin keçirilməsi və bilik səviyyəsinin artırılması vacibdir. Vətəndaş institutlarının süni intellekt və müasir inkişaf prioritetlərini mənimsəmə qabiliyyəti hələ tam deyil. Buna görə də araşdırmalar aparmaq, yeni paradigmalar və struktur elementləri müəyyənləşdirmək lazımdır ki, dövlətin və cəmiyyətin maraqları daimi qorunsun. Cəmiyyətdə “biz” və “onlar” sərhədinin kəskinləşməməsi və dərinləşməməsi təmin edilməlidir. Bu, cəmiyyəti dünyanın müxtəlif mənfi təsirlərindən qorumağa kömək edə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az