- Müşahidə məntəqəsi
- 21:07
- 3 517
TikTok gənclərin psixoloji və sosial davranışlarını necə formalaşdırır? - AÇIQLAMA
"Təbii ki, bu gün populyar sosial şəbəkələrdən biri olan TikTok-un gənclərin davranışlarına, maraqlarına və fəaliyyət istiqamətlərinə əhəmiyyətli təsiri mövcuddur. Bu təsir digər yaş qruplarında olduğu kimi, gənclər arasında da ciddi şəkildə hiss olunur. Gənclərin platformada aktivliyi, özlərini ifadə etmə formaları, müxtəlif trendlərə qoşulmaları və fərqli fəaliyyət istiqamətlərində özlərini göstərmək cəhdləri tamamilə anlaşılandır. Bu, artıq gənclər üçün bir norma halını alıb. Müasir texnologiyaların inkişafı fonunda müxtəlif sosial platformalardan istifadə etmək, onlardan faydalanmaq, bu vasitələrlə reklam fəaliyyəti göstərmək, maddi gəlir əldə etmək gənclərin əsas hədəfləri sırasında yer alır. Digər tərəfdən, bu təsir qarşılıqlıdır. Burada ənənəvi sosial təsir mexanizmlərindən fərqli olaraq, yeni bir sosial-psixoloji təsir modeli formalaşır. Şəbəkələşmənin sosial-psixoloji təsiri nəticəsində müxtəlif trendlərin ardıcıl şəkildə izlənilməsi, videolara, görüntülərə və informasiyaya sürətli və açıq çıxış imkanı TikTok-u gənclər üçün son dərəcə cəlbedici platformaya çevirir. Gənclər texnologiyanın təqdim etdiyi imkanlardan istifadə edərək TikTok-da müxtəlif formatlarda kontent hazırlayır, trend və roliklər yaradır, daha fəal olmağa və müəyyən auditoriya toplamağa çalışırlar. Etik çərçivədə baş verən bu cür davranış modelləri yalnız alqışlanmalıdır. Etika çərçivəsində özünü ifadə etmək, rəqslər, zarafatlar, intellektual yarışmalar, kiçik debatlar gənclərin dünyagörüşünün, davranış modellərinin pozitiv istiqamətdə formalaşmasına, intellektual bacarıq və qabiliyyətlərinin artmasına müsbət təsir göstərir. Statistik məlumatlar göstərir ki, gənclərin böyük əksəriyyəti – demək olar ki, hər 10 gəncdən 9-u bu və ya digər formada TikTok platformasından istifadə edir. Burada əsas risk etik və qeyri-etik davranışların platformaya birbaşa yol tapması ilə bağlıdır. Bəzi trendlər və ifadələr insanların düşüncə səviyyəsinə, dünyagörüşünə, bəzən isə aşağı mədəni səviyyəyə uyğun şəkildə populyarlıq qazanır. Bu prosesdə obyektiv və subyektiv sərhədlər mövcuddur. Kütləvi təsir zamanı intellektual məzmun kənarda qalır və daha bayağı, səthi təsirlər geniş yayılmağa başlayır. Bu isə şüur və düşüncə səviyyəsi nisbətən məhdud olan müəyyən sosial təbəqələrin daha çox ön plana çıxmasına səbəb olur. Burada söhbət düşüncə azadlığının məhdudlaşdırılmasından getmir. Sadəcə olaraq, kütləvilik hər zaman ən doğru və ən keyfiyyətli olan demək deyil. Kütləvi davranış yalnız o zaman düzgün hesab edilə bilər ki, cəmiyyət tərəfindən bir mənalı qəbul olunsun və obyektiv meyarlara uyğun olsun”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Xatırladaq ki, TikTok gənclər arasında ən populyar sosial şəbəkələrdən biridir və onların davranış modellərinə, gündəlik vərdişlərinə və psixoloji vəziyyətinə əhəmiyyətli təsir göstərir. Platformada yayılan trendlər, challenge-lar və məlumat axını gənclərin sosial baxışını formalaşdırır, həm də bəzən riskli davranışlara təşviq edə bilər.
Sosioloqun sözlərinə görə, riskli davranışlar çox vaxt ictimai müzakirələr və fikir ayrılığı yaradır.
"Aşırı hərəkətlər, qeyri-adekvat jestlər, açıq-saçıq davranışlar, söyüşlər, yersiz pafos, uyğun olmayan reklam formaları TikTok üçün xarakterik olan, lakin cəmiyyət tərəfindən birmənalı qarşılanmayan hallardır. Bu baxımdan müəyyən yoxlama və qiymətləndirmə meyarları tətbiq edilərək obyektiv nəticələr əldə etmək mümkündür. Sosial platformaların insan şəxsiyyətinə təsiri danılmazdır və bu kontekstdə gənclər xüsusilə ön plana çıxır. Gənclər adətən həm problemlərin hədəfində, həm də onların həllində ön sırada yer alırlar. Onların davranışları təkcə öz nəsillərinə deyil, eyni zamanda daha yaşlı və sonrakı nəsillərə də təsir göstərə bilir. Buna görə də sosial əlaqələrin necə tənzimlənməsi məsələsi olduqca aktualdır. TikTok-da sosial münasibətlər üçün ciddi məhdudiyyətlər yoxdur. Tanımadığınız şəxslər gec saatlarda paylaşımlarınızı görüb sizə mesaj yaza bilirlər. Texniki baxımdan mesajı qəbul edib-etməmək sizin ixtiyarınızdadır. Lakin bir dəfə qəbul edildikdə bu əlaqə davamlı xarakter ala bilər və müəyyən müddətdən sonra kiber təhdid riski də yarana bilər. Digər tərəfdən, müəyyən trendlərin, musiqilərin kütləviləşməsi insanlarda yorğunluq yarada bilər. Eyni musiqinin qısa müddətdə müxtəlif videolarda təkrar-təkrar qarşıya çıxması süni intellekt alqoritmlərinin nəticəsidir. Bu texnoloji mexanizmlər sosial şəbəkələrin mənfi təsirlərindən biri kimi insanların davranışlarında qapalı və asılılıq yaradan tendensiyalar formalaşdırır. Nəticədə insanlar əsas məqsədlərindən yayınaraq bu prosesin içində itib qala bilirlər. Araşdırmalara görə, bu təsir insanların təxminən 65–70 faizini əhatə edir. Yalnız 35–40 faiz insan müəyyən mərhələyə qədər bu təsirlərdən yayınmağı bacarır. Lakin zamanla onlar da kütləvi təsirin axınına düşə bilirlər. Bu səbəbdən TikTok-dan tam kənarda qalan insan demək olar ki, yoxdur. Platformadan istifadə edən hər kəs müəyyən dərəcədə bu təsirə məruz qalır. Bu texnologiyaların əsas hədəfi psixoloji, psixososial və emosional qiymətləndirmə mexanizmləri üzərində qurulub. Yerli və beynəlxalq trendlər TikTok-un Azərbaycan seqmentinə, eləcə də xarici təsirlərin ölkə daxilində yayılmasına səbəb olur. Eyni zamanda, Azərbaycan trendləri də xüsusilə türk dilli ölkələrdə və Qafqaz məkanında geniş yayılır. Bu qarşılıqlı sosial və mədəni təsir prosesi qaçılmazdır və birbaşa şəxsiyyətin formalaşması ilə əlaqəlidir. İnsan şəxsiyyətinin əsas strukturu erkən yaşlarda formalaşsa da, sonrakı mərhələlərdə təkmilləşmə prosesi ömür boyu davam edə bilər. Bu, etik, psixoloji və sosial-psixoloji aspektləri əhatə edən mürəkkəb bir məsələdir. Kənar təsirlər mövcud olsa da, daxili motivasiya və iradə gücü həlledici rol oynayır. Güclü iradəyə malik olan insanlar sosial şəbəkələrdə və ictimai həyatda liderə çevrilə, kütlələri arxasınca apara bilirlər. Lakin trendləşmə hər şeyi təkrar etmək deməkdir və bu da bəzən insanı əsas məqsədlərindən uzaqlaşdırır. Araşdırmalar göstərir ki, TikTok-dan faydalı məqsədlər üçün istifadə edən gənclərin sayı cəmi üçdə bir civarındadır. Təxminən 60–67 faiz gənc platformadan səmərəli və məqsədyönlü şəkildə istifadə edə bilmir. Bu isə ciddi risklər yaradır. Bu səbəbdən yalnız hüquqi tənzimləmələr kifayət deyil. Texnologiyalar elə inkişaf edib ki, mövcud nəzarət mexanizmlərindən yayınmaq olduqca asandır. Ona görə də sosial profilaktik tədbirlər qabaqlayıcı xarakter daşımalı, bu proseslərdən ən azı yüz, hətta min addım öndə olmalıdır ki, TikTok-un təsirini müsbət məcraya yönəltmək mümkün olsun".
Rəfiqə Namazəliyeva,
AzNews.az