- Müşahidə məntəqəsi
- 20:24
- 2 886
“Bir çox media işçiləri hələ də sinifdə qalıblar” - Azər Həsrət
"Açığını deyim ki, mən bir daha müşahidə etdim ki, bir çox media işçilərimiz hələ də müəyyən məsələlərdə “sinifdə qalıblar”. Yəni, mediada ajitasiya yaratmaq məqsədilə yarışa başlamaq heç də məsələni düzgün işıqlandırmır. Üstəlik, məktəbdə uşaqları danışdırmaq və onların üzünü belə qapatmadan cəmiyyətə təqdim etmək həm media etikası ilə, həm də Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Çünki yetkinlik yaşına çatmayanların mediada təqdimatı onların valideynlərinin və ya himayədarlarının razılığı ilə həyata keçirilməlidir. Bizim media qurumları bunu etdilərmi? Əlbəttə ki, yox".
Bu fikirləri Aznews.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.
Xatırladaq ki, İdrak Liseyində baş verən silahlı insident cəmiyyətdə ciddi narahatlıq doğurub. 10-cu sinif şagirdinin müəllimə atəş açması ilə nəticələnən hadisə məktəblərdə təhlükəsizlik məsələlərini, eyni zamanda belə həssas mövzuların mediada işıqlandırılma formasını yenidən gündəmə gətirib. Olay həm valideynlər, həm də ictimaiyyət arasında geniş rezonans doğurub.
O qeyd edib ki, digər tərəfdən, məktəblər də belə hallara hazır olmalıdır.
"Təhsil sistemi – istər dövlət, istərsə də özəl məktəblər – kritik anlarda davranış qaydalarına dair təlimatlarla təmin edilməlidir. Hadisə baş verdikdə, məlumatları uşaqlar verməməli, bunu yaşlı, təcrübəli vəzifəli şəxslər təqdim etməli idi. Məsələn, məktəb rəhbərliyi və ya rəhbərliyin təyin etdiyi şəxs hazır dayanmalı, mətbuatın suallarına cavab verməli idi. Çünki belə hallarda jurnalistlərin oraya axışacağını hamımız bilirik, buna görə də məktəb əvvəlcədən hazırlıqlı olmalı idi. Məsələyə həm medianın məsuliyyətsizliyi prizmasından baxmaq, həm də məktəblərin kritik anlarda özünü itirməsini qiymətləndirmək lazımdır. Hər iki tərəflə ciddi iş aparılmalı və bu təcrübədən dərs alınmalıdır. Arzu edirik ki, gələcəkdə bu cür hadisələr təkrarlanmasın. Lakin belə halların necə işıqlandırılması məsələsi yenidən gündəmə gətirilməli və jurnalistlər arasında geniş təbliğat işi aparılmalıdır. Jurnalistlər başa düşməlidir ki, bu cür davranış qəbuledilməzdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az