“Azərbaycanın sülh təşəbbüsləri növbəti dəfə ən yüksək səviyyədə nümunə kimi təqdim olundu” - Nigar Məmmədova

Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlət başçısına beynəlxalq aləmdə göstərilən yüksək hörmətin göstəricisidir. Bu mükafat BƏƏ-nin banisi Şeyx Zayedin şərəfinə təsis edilmiş, Papa Fransisk və Əl-Əzhər Böyük İmamı tərəfindən dəstəklənən nüfuzlu qlobal sülh və insan qardaşlığı mükafatıdır.

Bu cür ali mükafata layiq görülmək Azərbaycanın sülh təşəbbüslərinin növbəti dəfə ən yüksək səviyyədə nümunə kimi təqdim olunduğunu təsdiqləyir. Prezident İlham Əliyevin BƏƏ-yə budəfəki səfəri, Əbu-Dabidə keçirilən görüşlər, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatı Cənubi Qafqazda mövcud olan sülh prosesinin beynəlxalq birlik tərəfindən tanındığını bir daha sübut etdi.

Məhz Vaşinqton sammitində ABŞ Prezidentinin şahidliyi ilə sülh müqaviləsi layihəsinin paraflanması Azərbaycanın 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatında əldə etdiyi qələbəni daha da möhkəmləndirməkdədir. Dövlət başçımız mərasimdə çıxışı zamanı son 6 aydır ki, sülh şəraitinin hökm sürdüyünü bir daha bəyan etdi.

Cənab Prezidentin təqdimat mərasimindəki çıxışı onu deməyə əsas verir ki, son 6 ay davamlı sülhə doğru irəliləyiş dövrüdür. “Biz təkcə Azərbaycan vasitəsilə Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırmadıq, həm də Ermənistana neft məhsulları ixrac etməyə başladıq. Başqa sözlə, əməkdaşlığımız bu altı ay ərzində başlayıb”, – deyə dövlət başçımız qeyd etdi.

Yəni, məhz Azərbaycanın ədalətli yanaşması, möhkəm iradəsi sayəsində son 6 ayda yeni bir sülh mərhələsi başlayıb. Bu gün Azərbaycanın sülh istiqamətindəki təşəbbüskarlığı, Bakı ilə İrəvan arasındakı əlaqələrin hazırkı mərhələsi münaqişə vəziyyətində olan dövlətlər üçün də nümunədir. Cənab Prezidentin də söylədiyi kimi, “bizim nümunəmiz uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı inamsızlığa baxmayaraq, sülhün mümkün olduğunu göstərir”.

Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu, uzunmüddətli münaqişələrin dialoq və məsuliyyət vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.

Ali mükafat Prezident İ.Əliyevin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir.

Təsadüfi deyil ki, mükafatlandırma mərasimi ilə bağlı təbriklərdə də Azərbaycan Prezidenti Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi təqdim olunur. Hesab edirəm ki, artıq regionda sülhlə bağlı yeni dövr başlayır və Ermənistan da bu istiqamətdə praktik addımları intensivləşdirməlidir.

Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşündə də tərəflər normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar. Azərbaycanın bu addımları sülhü möhkəmləndirməyə yönəlib. Ermənistandan da etimadı doğrultmağı gözləyirik.

Nigar Məmmədova,

Milli Məclisin deputatı