- Müşahidə məntəqəsi
- 21:03
- 1 337
“Uşağın psixoloji vəziyyəti daim izlənməlidir” - Ramin Nurəliyev
"Bugün səhər ölkə ictimaiyyətini sarsıdan İdrak Liseyində faciəvi hadisə baş verib. Şagirdin evdən gətirdiyi odlu silahla müəllimə xəsarət yetirməsi heç də təsadüfi deyil. Hadisənin əsas səbəblərindən biri, şagirdin evində valideynlər tərəfindən odlu silahın əlçatan yerdə saxlanılmasıdır. Odlu silah evdə uşağın əlinin çatacağı yerdə olmamalıdır; bu, hər bir valideyn üçün diqqət mərkəzində olmalıdır. Digər tərəfdən, uşağın psixoloji vəziyyəti də önəmlidir. Əgər şagirdin psixoloji problemləri əvvəlcədən müəyyən edilsəydi və valideynlər, məktəb rəhbərliyi və məktəb psixoloqları tərəfindən müvafiq tədbirlər görülmüş olsaydı, bəlkə də bu hadisə baş verməzdi. Təəssüf ki, hadisə artıq reallaşıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, İdrak Liseyində baş verən hadisə bir daha göstərdi ki, məktəblərdə uşaqların psixoloji vəziyyətinə vaxtında diqqət yetirmək həyati əhəmiyyət daşıyır. Ekspertlər vurğulayır ki, valideynlər, müəllimlər və məktəb psixoloqları əməkdaşlıq etməli, şagirdlərin hüquq və vəzifələri öyrədilməli, problemlər erkən mərhələdə aşkarlanmalıdır. Yalnız bu şəkildə oxu mühiti təhlükəsiz və sağlam qala bilər.
Ekspert bildirib ki, hazırda məktəb psixoloqları yalnız hadisədən sonra mövqe bildirirlər, halbuki uşağın problemləri vaxtında müəyyən edilməli və lazımi tədbirlər görülməlidir.
"Valideyn, sinif rəhbəri və psixoloqlar uşağın vəziyyətini diqqətlə izləməli, vaxtında müdaxilə etməlidir. Bu əlaqə və koordinasiya olmadıqda, hadisələr acı nəticələrlə bitə bilər. Hadisənin baş verdiyi lisey tədris və tərbiyə səviyyəsi yüksək olan bir müəssisədir ki, bu da hadisənin nə qədər düşündürücü olduğunu göstərir. Təhsil müəssisələrində müəllimlər və şagirdlər öz hüquq və vəzifələrini tam bilməli, məktəb rəhbərliyi isə bu istiqamətdə müvafiq tədbirlər görməlidir. Əgər şagird etdiyi hərəkətin nəticələrinin həyatına necə təsir edəcəyini bilsəydi, bəlkə də belə addım atmazdı. Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və yaxın gələcəkdə ictimaiyyət məlumatlandırılacaq. Bu və bənzər hadisələrin təhsil müəssisələrində təkrarlanmaması üçün şagird, müəllim və valideyn arasında sıx və düzgün əlaqə olmalıdır. Şagirdlərin qeyri-qanuni hərəkətləri zamanında aşkar edilməli və müvafiq tədbirlər görülməlidir. Ümumiyyətlə, hər hansı psixoloji problemi olan uşaqların vəziyyəti vaxtında müəyyən edilməli, problemin qaynağı araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Məqsəd, uşaqların və cəmiyyətin təhlükəsizliyini təmin etməkdir. Ən əsası, bu hadisə tək İdrak Liseyində baş verən məsələ deyil. Misal olaraq Ağcabədidəki bıçaqlanma hadisəsi və məktəblərdə müəllimlərin şagirdlərə, şagirdlərin isə müəllimlərə qarşı fiziki təzyiqi kimi hallar da mövcuddur. Bu cür hadisələrin qarşısını almaq üçün orta təhsil məktəblərində və təhsil ocaqlarında hüquq və vəzifələr şagirdlərə və müəllimlərə öyrədilməlidir. Onlar həm nəzəri, həm də praktik olaraq başa düşməli, əzbərləməli və gündəlik həyatda tətbiq etməlidirlər. Hər bir neqativ hadisənin nəticələri əvvəlcədən izah edilməli, şagirdlər bu nəticələrin həyatlarına təsirini anlamalıdır. Uşaq azyaşlıdır, gələcək həyatı parlaq ola bilər, amma diqqətsizlik və ya psixoloji problemlər nəticəsində törətdiyi hərəkət ona ciddi nəticələr gətirə bilər. Valideynlər, müəllimlər və məktəb rəhbərliyi heç kim istəməz ki, belə faciəvi hadisələr baş versin. Təəssüf ki, baş verir. Gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görülməlidir. Bu tədbirlər müəllimlər və şagirdlərin hüquq və vəzifələrini öyrənməsini, məktəb psixoloqları tərəfindən vaxtaşırı təlim və söhbətlərə cəlb edilməsini, psixoloji problemi olan uşaqların vəziyyətinin vaxtında müəyyən edilməsini və problemin qaynağının valideyn, ailə, dostlar, sinif, müəllim və ya məktəb üzrə araşdırılaraq müvafiq tədbirlərin görülməsini əhatə edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az