- Müşahidə məntəqəsi
- 20:12
- 2 484
“Repetitorluğun artmasının iki əsas səbəbi var” - Ramin Nurəliyev
"İlk növbədə vurğulamaq lazımdır ki, repetitorluq ənənəsi yeni deyil. Bu model hələ sovet dövründən formalaşmış bir praktikadır və zaman keçdikcə daha da inkişaf edərək bugünkü mərhələyə gəlib çatıb. Hazırda isə bu proses daha intensiv xarakter daşıyır. Bunun iki əsas səbəbi var. Birinci səbəb ümumi orta təhsil məktəblərində tətbiq olunan proqramla Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının tələbləri arasındakı uyğunsuzluqlardır. Formal olaraq proqramlar eyni olsa da, tədrisin strukturu və mövzuların siniflər üzrə bölgüsü müəyyən çətinliklər yaradır. Məsələn, 11-ci sinfə gələn bir şagird Azərbaycan dili üzrə qəbul proqramında yer alan mövzuların cəmi təxminən 10 faizini həmin sinifdə öyrənir. Halbuki qəbul imtahanında suallar bütün məktəb illəri ərzində keçilmiş mövzuları əhatə edir. Qalan 90 faiz mövzular isə 5–9-cu siniflərdə tədris olunub. Nəticədə, 11-ci sinif şagirdi universitetə hazırlaşarkən əvvəlki illərin materialını sistemli şəkildə təkrar etməyə məcbur qalır və bu da onu repetitor dəstəyinə yönəldir. Eyni vəziyyət digər fənlərdə, o cümlədən riyaziyyatda da müşahidə olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, son illərdə Azərbaycanda repetitorluğa tələbat getdikcə artır. Şagirdlər məktəbdə əldə etdikləri bilikləri gücləndirmək, imtahanlara hazırlaşmaq və rəqabətədavamlı olmaq üçün əlavə dərslərə üz tuturlar. Valideynlər də bu tendensiyanı dəstəkləyir, lakin eyni zamanda repetitorluq təhsil bərabərsizliyini artıran amil kimi müzakirə olunur.
Ekspert qeyd edib ki, yuxarı siniflərdə ümumi proqramın yalnız müəyyən hissəsi tədris olunur, əsas baza isə aşağı siniflərdə formalaşdırılır.
"Bu struktur şagirdləri əlavə hazırlığa ehtiyac duymağa vadar edir. Məhz buna görə də təklif etmişəm ki, Azərbaycan 12 illik təhsil sisteminə keçsin və bu sistem üç mərhələyə bölünsün. Birinci mərhələ ibtidai təhsil – 1–4-cü sinifləri əhatə etməlidir. İkinci mərhələ 5–9-cu sinifləri əhatə edən icbari təhsil mərhələsi olmalıdır. Üçüncü mərhələ isə 10–12-ci sinifləri əhatə etməli və artıq ixtisaslaşmaya yönəlməlidir. Bu model Avropada, inkişaf etmiş ölkələrdə və qardaş Türkiyədə tətbiq olunur. Yuxarı siniflərdə şagirdlər ixtisas qruplarına uyğun şəkildə formalaşdırılır və tədris prosesi qəbul imtahanlarına uyğun sistemli şəkildə qurulur. Yəni 10-cu sinifdən başlayaraq 11 və 12-ci siniflərdə hazırlıq prosesi sıfırdan, planlı və məqsədyönlü şəkildə təşkil edilir. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, 11 illik təhsil sistemi ilə işləyən ölkələrin sayı çox azdır. Əksər inkişaf etmiş ölkələr, o cümlədən Avropa dövlətlərinin böyük əksəriyyəti, ABŞ, Kanada, Çin, Yaponiya, Cənubi Koreya və bir sıra ərəb ölkələri 12 illik təhsil modelini tətbiq edir. Bu sistem qəbul və ixtisaslaşma mərhələsini daha səmərəli şəkildə təşkil etməyə imkan verir. Təbii ki, 12 illik sistemə keçid müəyyən maliyyə və təşkilati resurslar tələb edir: dərsliklərin yenilənməsi, proqramların yenidən hazırlanması, müəllimlərin ixtisaslaşması, siniflərin qruplara bölünməsi və s. Lakin mövcud potensialdan düzgün istifadə etməklə bu prosesi həyata keçirmək mümkündür. Yüksək nəticə göstərən müəllimlərin yuxarı siniflərdə və qəbul istiqamətli hazırlıq mərhələsində cəlb edilməsi də effektiv ola bilər. İkinci əsas səbəb isə qəbul imtahanı suallarının çətinlik səviyyəsidir. Hətta yüksək nəticə göstərən özəl liseylərin şagirdləri belə repetitor yanına müraciət edirlərsə, bu artıq sistemli bir ehtiyacın mövcudluğunu göstərir. Deməli, qəbul imtahanlarının çətinlik səviyyəsi də şagirdləri əlavə hazırlığa yönəldən amillərdəndir. Beləliklə, iki əsas faktor, məktəb proqramının struktur problemi və qəbul imtahanlarının çətinlik səviyyəsi şagirdlərin repetitor yanına üz tutmasına səbəb olur. Hüquqi baxımdan repetitorluq fəaliyyəti qanunidir; müəllimlər fərdi fəaliyyət göstərərək, vergilərini ödəməklə bu sahədə işləyə bilərlər. Burada hüquqi məhdudiyyət yoxdur. Lakin əgər qeyd olunan iki istiqamətdə müəyyən tənzimləmələr aparılarsa, repetitorlara müraciət edənlərin sayı müəyyən qədər azala bilər. Bu, xüsusilə maddi imkanı məhdud olan ailələrin övladları üçün əhəmiyyətlidir. Çünki belə şagirdlər məktəb daxilində qəbul imtahanlarına daha effektiv hazırlaşa bilməlidirlər. Repetitorluq fəaliyyəti yenə də qalacaq və bu təbiidir. Bu, problem kimi yox, mövcud sistemin tamamlayıcı elementi kimi qiymətləndirilə bilər. Bu gün Azərbaycan təhsil sistemində repetitorların rolu kifayət qədər böyükdür. Reallıq ondan ibarətdir ki, mövcud qəbul sistemi və proqram uyğunsuzluğu fonunda repetitor dəstəyi olmasa, bir çox şagird ciddi çətinliklərlə üzləşə bilər. Ona görə də hazırkı mərhələdə repetitorların fəaliyyətini yüksək qiymətləndirmək olar. Lakin tədris prosesində struktur dəyişiklikləri və sistemli islahatlar həyata keçirildiyi təqdirdə repetitorluğa olan asılılıq müəyyən qədər azalacaq. Bu isə daha balanslı və sosial ədalətli təhsil modelinin formalaşmasına xidmət edə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az